Xəbərlər

Əsas səhifə

HEYDƏR ƏLİYEV MƏRKƏZİ İLƏ TANIŞLIQ

30.04.2014

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə Tədbirlər Planına mövafiq olaraq aprelin 30-da ümummilli Lider Heydər Əliyevin 91-ci il dönümü münasibətilə paytaxt qarnizonunun polis əməkdaşları və bir qrup gəncin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.

Ekskursiyada dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycanın tarixini, mədəniyyətini və milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
 
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı bildirilmişdir ki, muzeydə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır.
 
İştirakçılar muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxmışlar. Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və ümummilli Liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.
Mərkəzlə tanışlıq şəxsi heyətdə zəngin təəssürat doğurmuşdur.

         
 kolektiv