Xəbərlər

Əsas səhifə

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

27.04.2024

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər davam etdirilir. 
Polis əməkdaşlarının aprelin 26-da paytaxtın Sabunçu, Qaradağ və Nizami rayonları ərazisində keçirdikləri tədbirlərlə 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb. 
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.
Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri əməllərindən çəkinməyə çağırır.