Xəbərlər
Əsas səhifəNarkomaniyaya qarşı mübarizə prioritet istiqamətlərdəndir
12.11.2018
Nizami rayonunda yerləşən 145 və 277 nömrəli orta məktəblərdə profilaktiki - maarifləndirici tədbirlər keçirilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərin, xüsusən narkotik vasitələrin təsirinə düşmə təhlükəsinə qarşı yönəlmiş qabaqlayıcı tədbirlər Nizami RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşlarının təşəbbüsü və iştirakı ilə baş tutub.
Məktəb kollektivlərilə görüşlərdə Nizami RPİ 24 və 25-ci Polis Şöbələri, rayon icra hakimiyyəti narkotiklərlə mübarizə komissiyasının nümayəndələri və polis veteranları da iştirak ediblər. Rayon Polis İdarəsindən aldığımız məlumata görə, 24-cü PŞ-nin rəisi Cövdət Məmmədov, 25-ci PŞ-nin rəisi Elmir Hüseynov, Nizami RPİ-nin baş inspektoru Pərvanə Əzizova, inspektor Mehdi Seyidov və digər qonaqlar məktəblilər qarşısında çıxış ediblər.
Təhsil müəssisələrində yeniyetmələrin hüquq və vəzifələri onlara izah olunub. Siqaret və alkoqollu içkilərin fəsadları, narkotik maddələrin, dini-ektremizm və hüquqazidd əməllərin yaratdığı məsuliyyət barədə geniş mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb. Vurğulanıb ki, narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur. İnsanların həyat tərzinə, ailə-məişət davranışlarına başucalığı gətirməyən narkomaniyaya və narkobiznesə qarşı mübarizə ölkəmizdə prioritet istiqamətlərindəndir.
Tədbirlərə cəlb edilən psixoloq Əsmər Talıbova isə narkotik, eləcə də başqa zərərli vərdişlərin insan orqanizminə psixoloji və fiziki təsirləri haqqında çıxışlar edib.