Xəbərlər

Əsas səhifə

Binəqədi rayonunda özünü polis əməkdaşı kimi təqdim edib taksi sürücülərinə qarşı dələduzluq edən və maşın satışı saytlarında beh almaq adı ilə insanları aldadan daha bir nəfər saxlanılıb

05.05.2023

Sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən daha bir nəfər, Mingəçevir şəhər sakini Ramil Salmanov saxlanılıb. Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. 
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək əvvəlcə taksi şirkətlərinə sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Ramil Salmanov guya işlədiyi yerə çatdıqları zaman taksi sürücülərinin pullarını qaytaracağına söz verib. Zərərçəkənlər Ramil Salmanovun qeyd etdiyi polis orqanlarına çatdıqda isə aldadıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə nağdlaşdıraraq ələ keçirib. 
Aparılan araşdırmalar zamanı Ramil Salmanovun əmlak alqı-satqısı saytlarında saxta maşın elanları yerləşdirərək vətəndaşlardan öncədən beh almaq adı ilə onları dələduzluq yolu ilə aldatdığı da müəyyən edilib. O, ifadəsində ümumilikdə qeyd edilən üsullarla 40-a yaxın şəxsi aldatdığını bildirib.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Ramil Salmanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.