Xəbərlər

Əsas səhifə

Bir gecədə 12 avtomobildən oğurluqlar edən şəxs saxlanılıb

01.06.2021

Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb. Bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi və 25-ci Polis Şöbəsinə müraciət edərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.
Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb. O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindəın qaçmaq istəyərkən Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən tutularaq 25-ci Polis Şöbəsinə təhvil verilib. Araşdırma zamanı Elgün Şirinzadənin  may ayının 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Bundan başqa onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni usulla oğurluq etdiyi məlum olub. 
Elgün Şirinzadə barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.