Xəbərlər

Əsas səhifə

Veteranlarla görüş keçirilib

09.05.2021

1941-1945-ci illər müharibəsində 600 mindən çox soydaşımızla bərabər, ölkəmiz bütün maddi və mənəvi sərvətləri ilə faşizmə qarşı mübarizə apardı. Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları da cəbhədən cəbhəyə mübarizə yolu keçməklə, qazanılan böyük qələbəyə mühüm töhfə verdilər.
Faşizm üzərində Qələbənin 76-cı ildönümü ərəfəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları daxili işlər orqanlarının qəhrəmanlıq və şücaət salnaməsində imzası olan veteranlarla - Əzim İbrahimov və Səfər Abdullayevlə görüşüblər.
Görüşlərdə Bakı Şəhər BPİ rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovnik-leytenantı Taleh Ağalı və Bakı Şəhər BPİ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov İkinci Dünya müharibəsində azərbaycanlıların həm arxa cəbhədə, həm də ön cəbhədə böyük çətinliklərə sinə gərdiklərini, dünyanın faşizm istilasından xilas edilməsində misilsiz qəhrəmanlıqlar sərgilədiklərini qeyd ediblər. O zaman üçün ümumi vətən sayılan torpaqların qorunmasında öz vəzifəsini yerinə yetirən oğulların davamçılarının İkinci Qarabağ müharibəsində Vətən savaşına qalxdıqlarını və xalqımıza növbəti şanlı qələbəni bəxş etdiklərini xüsusilə diqqətə çatdırıblar.
İstər İkinci Dünya, istərsə də İkinci Qarabağ müharibəsi iştirakçılarına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyi, onların problemlərinin həll edilməsinin dövlət qurumları qarşısında prioritet vəzifə kimi müəyyən edildiyi vurğulanıb.
Veteranlar müharibə illərindəki xatirələrini bölüşərək, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlardan söhbət açıbar. Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.