KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbaildə bir neçə oğurluq edən şəxslər saxlanılıblar

29.01.2022

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı inzibati ərazidə baş verən bir neçə oğurluq faktını törədən şəxslər saxlanılıblar.

Əvvəlcə Səbail rayonundakı mənzildən oğurluq edən paytaxt sakinləri İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar. Araşdırma zamanı müəyyənləşdirilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qaldıqdan sonra isə ev sahibinin olmamasından istifadə edərək mənzildən 8 min 700 manat, 1600 dollar, 7 min manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3 min manat olan bir ədəd kürk oğurlayıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Həmin polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə bank kartlarından oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyənləşdirilib ki, o, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin bank kartlarından ümumilikdə 4 min manata yaxın pul oğurlayıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə metronun “İçərişəhər” stansiyasının yaxınlığında vətəndaşlardan birinin çantasını oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində Bakı şəhər sakini Ruslan Novruzov tutularaq bölməyə gətirilib. Onun oğurladığı çantanın içərisində dəyəri 3 min manat olan mobil telefon və 600 manatlıq elektronika məhsulları olub. R.Novruzov oğurladığı əşyaları paytaxt ərazisindəki mağazalardan birinə satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı saxlanılanlar barəsində 9-cu polis bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.