KRİMİNAL XRONİKA

Əsas səhifə

Narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb

14.12.2021

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib. 
Qeyd edək ki, polis əməkdaşları tərəfindən ötən gün keçirilən analoji tədbirlər zamanı qeyd edilən qanun pozuntusuna yol verən 8 belə sürücü aşkar edilib. Onların əməlinə də qanunla nəzərdə tutulan qaydada hüquqi qiymət verilib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.