KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən ...

18.09.2020

Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən R.Quliyev sentyabrın 17-də rayon ərazisindən “Renault” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış və nəqliyyat vasitəsinin R.Quliyevin oğlu tərəfindən idarə edilməsi məlum olmuşdur.
Araşdırma aparılır.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Ə.Abdullayev və Cəlilabad rayon sakini H.Qurbanov saxlanılmışlar.
Şəxsi axtarış zamanı H.Qurbanovdan 770 qram tiryək və 713 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 30-dan iyunun 16-dək olan müddətdə rayon ərazisindəki 1 yardımçı təsərrüfatdan 15 ev quşu, 1 mağazadan isə 100 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağayev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki evlərin birindən 180 manat pul və 900 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini E.Əliyev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş A.Nemətovun ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 nəfərin çantalarından pul və sənəd, 2 avtomobildən mobil telefon, məişət əşyası, səsboğucu, 1 nəfərin 410 manat dəyərində velosipedini, 1 evin isə divarına quraşdırılmış kondisionerin mühərrikini və mis borusunu oğurlaması da müəyyən edilmişdir.