KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminal xronika

12.06.2017

İyunun 12-də Goranboy rayon sakini Aqşin Əlizadə Nərimanov RPİ 16-cı Polis Bölməsinə müraciət edərək cari il aprel ayında M.Qaşqay küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər tərəfindən döyülərək 40 manat pulunun, mobil telefonunun və qol saatının alınmasını, habelə pul və əşyaların geri qaytarılması müqabilində iyunun 12-də 100 manat pul tələb etmələrini bildirib.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Rəşid Qədirov və Kənan Qəmbərov tutulublar.

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən iyunun 11-də Bakı şəhər sakini  Səməd Həsənovun idarə etdiyi "Mercedes" markalı avtobusdan maqnitofon və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sarvan Nəsirov tutulub.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tərlan Həsənovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun mayın 2-də və 10-da rayon ərazisində 2 ədəd velosiped oğurlaması da müəyyən edilib.

İyunun 10-da Bakı şəhər sakini Sənan Aslanovun idarə etdiyi "İsuzu" markalı avtomobildən mobil telefon oğurlanıb.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Hüseynov tutulub. Ətrafında aparılan tədbirlərlə onun iyunun 8-də və 10-da daha iki nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də Bakı şəhər sakini Zibaxanım Əliyevanın işərisində pul, mobil telefon və sənəd olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Azim Şükürov tutulub.

İyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər  görülüb, lakin məlumat təsdiqini tapmayıb.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.