Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Azərbaycan bayrağı dalğalanan yerdə, nə qorxu var, nə kədər!

09.11.2018

Dövlətimizin suverenliyinin rəmzi olan üçrəngli bayrağımızın səmada, başımızın üstündə dalğalanması hər bir vətənpərvər insanda qürur hissi yaradır. Çünki onu hansı əziyyətlərə, müsibətlərə, ağrı-acıya sinə gərməklə, gözə-göz, dişə-diş  mübarizə aparmaqla göylərə qaldırdığımız hər kəsə az-çox bəllidir. 

Hətta ən yaxın tariximizdə bunun çoxsaylı örnəyi vardır. Cəsarətlə deyə bilərik ki, “Bayrağı bayraq edən üstündəki qandır...” sözləri bizim mübarizəmizi də ifadə edir – minlərlə şəhidimiz bayrağımız ucalsın deyə canından keçdi. Onların içində daxili işlər orqanlarının yüzlərlə əməkdaşı var. Bu gün də  dövlətin, qanunların keşiyində ayıq-sayıq dayanan polis tərəddüt etmədən həyatını təhlükəyə atır ki, təki Vətən sağ olsun, təki bayrağımız enməsin, himnimiz susmasın! 

Təsadüfi deyil ki, hər bir polis əməkdaşının xidməti məhz Azərbaycan bayrağı önündə and içməklə başlayır. Azərbaycanın qanunlarını rəhbər tutmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumağa, lazım gələrsə həyatını belə əsirgəməməyə and içir. Polis yalnız bundan sonra səlahiyyətlərinin  icrasına başlayır və deməli, həmin andan polisin xidməti müqəddəs bir vəzifəyə çevrilir. 

Polis tarix boyunca bircə dəfə də olsun xalqının, millətinin qarşısında andına xilaf çıxmadı. Tarixin hansı səhifəsi vərəqlənsə, orada yalnız vətənə, dövlətə sədaqətin, bayrağa məhəbbətin nümunəsini görmək mümkündür. Biz çox uzağa getmədən Qarabağ uğrunda gedən mübarizəni xatırlaya bilərik. 

O vaxtlar Qarabağa asayişin qorunması üçün ezam olunan polis əməkdaşları səngərdə əsgər kimi döyüşürdü. Nizami ordu yox idi deyə, müqavimətin əsas cəbhəsini məhz polislər təşkil edirdi ki, bunu bilməyən, etiraf etməyən yoxdur. Bu döyüşlərdə şəhid olan, yaralanan hər bir əməkdaşın, hər bir qəhrəmanın Vətən torpağını sulayan qanı sayəsində bayrağımız bayraq oldu...

Müstəqilliyimizin ilk illərində ölkə daxilində baş alıb gedən ixtişaşları xatırlamaq belə, indi çoxlarına dəhşətli yuxu kimi gəlir. Silahlı qruplar bir-birinin ardınca dövlət çevrilişlərinə cəhdlər edir, bütün ölkə ərazisində xaos hökm sürürdü. Dövlət əleyhinə yönəlmiş bu sui-qəsdlər onun suverenliyinə, müstəqilliyinə ciddi təhlükə yaradırdı. Belə mürəkkəb vəziyyətdə Azərbaycan polisi cinayətkarlıqla qətiyyətli mübarizə apararaq, bütün çətinliklərin öhdəsindən şərəflə gəldi və nəhayət, ölkədə bugünkü əmin-amanlığa nail olundu. 

Cinayətkarlıqla mübarizədə həyatlarını itirənlərin, ağır xəsarət alan əməkdaşların hesabına bayrağımız bu gün vüqarla dalğalanır... Və o yerdə ki, Azərbaycan bayrağı dalğalanır, orada nə qorxu var, nə kədər! 

Buna bəlkə tarixlə hesablaşmaq da demək olar. Ötən əsrin əvvəlində itirilmiş müstəqilliyimizi yenidən əldən vermək istəmirik, ona görə, döyüşürük, mübarizə aparırıq. Artıq bu müstəqil milli dövləti tarix kitablarının səhfələrində bir daha gömmək mümkün deyil, bayrağını endirmək imkansızdır. Çünki artıq Azərbaycan dövlətini, qanunlarını, bayrağını göz bəbəyi kimi qoruyan polisi, əsgəri, vətəndaşı vardır!

Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 2009-cu ildə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr  Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir və ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.





Çap et  Çap et