Bakı şəhər Baş Polis İdarəsi

POLİS İCTİMAİ ASAYİŞİ LAYİQİNCƏ QORUYUR

Əsas səhifə

Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması diqqət mərkəzindədir. Son illər isə bir sıra ağır cinayətlərin çəkisində davamlı şəkildə azalma təmayülü müşahidə olunur. Bu müsbət tendensiya cari ilin ötən dövründə də davam etmişdir.

Cinayətlərin dinamikasında qəsdən sağlamlığa ağır zərər vurmalar, hədə-qorxu ilə tələb etmələr, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar, xuliqanlıqlar azalmış, adamları girov götürmə cinayətləri qeydə alınmamışdır. Bu gün beynəlxalq ekspertlər tərəfindən ilk növbədə xüsusi vurğulanır ki, Azərbaycanda ictimai sabitlik dönməz xarakter daşıyır. Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlət maraqlarının etibarlı qorunması, ölkədəki əlverişli həyat şəraitini təmin edir.

Bu, Azərbaycanda adi həyat normasına çevrilmişdir. Çünki aramsız dəyişən təhdidlərdən əziyyət çəkən dünyanın indiki dönəmində Azərbaycan polisi kriminogen durumu fasiləsiz nəzarətdə saxlayır, ictimai asayişi layiqincə qoruyur. Bunun bariz göstəricilərindən biri də odur ki, asayişin etibarlı təmini, cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir. Bütün bu faktlar sübut edir ki, Azərbaycan sosial-iqtisadi inkişafla yanaşı, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində də bölgədə şəriksiz lider dövlətdir.

Bəs yaxşı, nə üçün məhz Azərbaycan? Heç şübhəsiz, bu suala hərənin öz cavabı, fərqli baxış bucağı var. Birmənalı olaraq, demək olar ki, Azərbaycanda xüsusilə, insanların təhlükəsizliyinə, hüquq qaydasının etibarlı qorunmasına həssas yanaşma mövcuddur. Ona görə ki, dövlətin siyasi, iqtisadi və humanitar fəaliyyətinin kökündə insanların təhlükəsizliyi dayanır.

Konkret hadisələrin təhlilləri də göstərir ki, asayiş keşikçiləri qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirir, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur. Sözsüz ki, respublikada hüquq qaydasının təmini işində qazanılan uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan, zəruri anda xidməti borcunu hər şeydən, hətta həyatından belə üstün tutan polisin əzmkarlığı dayanır.

Böyük qürur və iftixar hissi ilə söyləmək olar ki, günümüzün Azərbaycanı hər bir insanın təhlükəsiz yaşayacağı ölkəyə çevrilib. Bu uğurlar ictimai həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə etməkdədir. İyulun 31-də keçirilən respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasının yekun təhlilləri də bunu deməyə əsas verir.

Kollegiya iclasında vurğulanmışdır ki, həyata keçirilən kompleks tədbirlər, polisin sistemli və məqsədyönlü fəaliyyəti ölkəmizdə hüquq qaydasının vəziyyətinə öz müsbət təsirini göstərmiş, bunun nəticəsində cinayətlər, eləcə də onların subyektlərinin kriminal aktivlik səviyyəsi azalmışdır.

Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı 2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10048-ə enmişdir. Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalmışdır. Bütövlükdə respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayında nəzərəçarpan azalma qeydə alınmışdır.

Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-sı ağır və xüsusilə ağır olmaqla 10.955, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində “isti izlərlə” 432, elmi-texniki vasitələrlə 1604 cinayət açılmışdır.

Bu işdə vətəndaşların da böyük rolu olmuş və onlar 2614 cinayətin açılmasında yaxından köməklik göstərmişlər. Sadalanan bu statistika da onu göstərir ki, polis xidməti fəaliyyətində qabaqcıl təcrübəni tətbiq edir, dövrün çağırış və təhdidlərinə adekvat cavab verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan ən müxtəlif tədbirlərə ev sahibliyi edən əməkdaşlıq paytaxtına, mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib.





Çap et  Çap et