Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Bakı şəhərində baş vermiş cinayət faktları, tutulmuş şəxslər və narkotik maddənin aşkarlanması barədə

13.01.2016

Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də 1981-ci il təvəllüdlü Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən 13 ədəd patronu ilə birlikdə lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 5-də Binə qəsəbəsində Cəmil Cəbiyevə məxsus mağazadan, dam örtüyünü sındırmaqla spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Zaur Abbasov, 1995-ci il təvəllüdlü Orxan Məmmədov, 1996-cı il təvəllüdlü Murad Məmmədov və 1997-ci il təvəllüdlü Vüsal Məmmədli tutulub.

Yanvarın 11-i saat 23:30 radələrində, Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakini Murad Hüseynovun əlindən 110 manatını alıb qaçaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məhərrəmovun idarə etdiyi «Mercedes» markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib. Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb. Binəqədi RPİ CAŞ və 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 10-da Sulutəpə qəsəbəsində Cəlal Rəhimova məxsus «İveco», Natiq Süleymanova məxsus «Forland» və Pərviz Həzrətquliyevə məxsus «Tatra» markalı yük avtomobillərin hər birindən 2 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Masallı rayon sakini, 1996-cı il təvəllüdlü Ariz Mirzəyev tutulub.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 20-ə keçən gecə Bakı şəhər sakini Elşad Şirəliyevə məxsus Atatürk prospektində yerləşən mağazadan, zirzəmidən keçməklə 4 cüt ayaqqabı, fotoaparat, müşahidə kamerasının yaddaş aparatı və peyk antenasının aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşad Hüseynov tutulub.

Nəsimi RPİ CAŞ, TŞX və 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə və narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən Gəncə şəhər sakinləri - 1980-ci il təvəllüdlü Ramil Məmmədovdan 6,65 qram, əvvəllər məhkum olunan 1967-ci il təvəllüdlü Telman Mirzəliyevdən isə 7,20 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunan, Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Yasəf Hüseynovdan 480 qram qurudulmuş marixuana götürülüb.

Bakı şəhər Baş Polis İdarəsi
13.01.2016





Çap et  Çap et