Xəbərlər

Əsas səhifə

“UŞAQLARI YOL QƏZALARINDAN QORUYAQ!”

02.06.2014

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafəsi günü ilə bağlı 46 nömrəli Məktəbdənkənar Tərbiyə işi Mərkəzi və Bakı Şəhər BPİ DYPİ “Nurgün Motors”un təşkilati dəstəyilə uşaq avtoşəhərciyində “Gəlin, uşaqları yol qəzalarından qoruyaq!” devizi altında tədbir keçirildi.

Dövlət Yol Polisi, Baş Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələrinin iştirak etdiyi tədbirə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai və Binəqədi rayonlarının bir çox məktəblərindən 100-dən artıq uşaq qatılmışdı.

Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şarlar və güllərlə bəzədilmişdi. Xüsusi ayrılmış yerlərdə uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr sərgilənirdi.

Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və ictimaiyyətin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan, müxtəlif yaradıcılıq dərnəklərinin xüsusi formalar geyinmiş üzvlərinin təqdimatında interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdirildi. Balaca rəssamlar asfalt üzərində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda rəsm çəkdilər.

Valideyn sürücülər üçün müasir təlim mərkəzində əyani vəsaitlərdən istifadə etməklə təlim keçirildi, çap olunan maarifləndirici materiallar uşaqlara və valideynlərə paylanıldı.

Tədbirdə çıxış edənlər bildirdilər ki, uşaqları qorumaq hər bir valideynin borcudur. Onların yol qəzalarından qorunması orta məktəblərdə aldıqları təlim-tərbiyədən də asılıdır.

Daha sonra uşaqlar tədbirin şüarı əks olunmuş foto bannerlə yaxınlıqdan keçən Səməd Vurğun küçəsinə çıxdılar və yoldan keçən sürücülərə uşaqlar üçün yol-hərəkət qaydaları ilə bağlı maarifləndirici rəngləmə kitabları təqdim etdilər.