Xəbərlər

Əsas səhifə

MÜTƏŞƏKKİL DƏSTƏNİN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ

07.04.2014

Paytaxtda quldurluq, oğurluq və soyğunçuluq edən dəstə zərərsizləşdirilib. Bakı şəhər BPİ CAİ, Binəqədi RPİ CAŞ və 6-cı PB-nin həyata keçirdiyi əməliyyat zamanı ifşa olunan dəstə üzvlərinin əsas hədəfləri taksi sürücüləri olub. Quldurluqda şübhəli bilinən şəxslər paytaxtın müxtəlif istiqamətlərində taksilərə müştəri qismində əyləşərək onları Biləcəri qəsəbəsinə gətiriblər. Sonra maşını qaranlıq yerə sürdürüb öz çirkin əməllərini həyata keçiriblər.

Yanvarın 13-də Bakı şəhər sakini Füzuli Məhərrəmov DİN-in “102” xidmətinə zəng edərək Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində taksi kimi idarə etdiyi “Mersedes” markalı avtomobilə sərnişin qismində minmiş naməlum şəxslərin ona hədə-qorxu gələrək avtomobili əlindən alıb getdiklərini bildirib. Dörd gün sonra rayon ərazisində analoji hadisə yenidən baş verib. Bu dəfə naməlum şəxslər Bakı şəhər sakini Oruc Heydərovun taksi kimi idarə etdiyi “Mersedes” markalı avtomobilinə əyləşərək Biləcəri qəsəbəsi yeni yaşayış massivinə sürdürüblər. Orada arxadan onun boğazına kəndir salıb bıçaqla hədə-qorxu gələrək mobil telefonunu və avtomobilini əlindən alaraq hadisə yerindən uzaqlaşıblar. Bir həftə sonra növbəti dəfə Biləcəri yolunda naməlum şəxslər Bakı şəhər sakini Bayram İsmaylovun taksi kimi işlətdiyi “Mersedes” markalı avtomobilə əyləşərək arxadan onu məftil ilə boğmağa cəhd edərək, avtomobili əlindən alıblar. Rayon ərazisində ardıcıl olaraq məhz “Mersedes” markalı avtomobillərin sürücülərinə qarşı quldurluq hərəkətlərinin törədilməsi polis əməkdaşlarında həmin cinayətlərin eyni şəxslər tərəfindən törədilməsi ehtimalını yaradıb. 
Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən paytaxt sakinləri Cavid Əliyev martın 19-da, Roman Manqasarov martın 21-də yaxalanıb. 
Araşdırma zamanı cinayətin digər iştirakçısının Füzuli rayon sakini Tural Məhərrəmov olduğu da müəyyən edilib. Qeyd edək ki, T.Məhərrəmov bu ilin yanvarın 25-dən AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğuna görə yanvarın 28-də Binəqədi RPİ CAŞ-ın əməkdaşları tərəfindən yaxalanmışdı. 
Onların törətdiyi cinayət əməllərinin öz “dəsti-xətti” olub. Cavid arxada əyləşərək sürücünün boğaz nahiyəsinə ip salıb onu boğurmuş. Daha sonra, sürücünü avtomobildən düşürüb ələ keçirdikləri avtomobillə hadisə yerindən qaçırmışlar. Bu üsulla bir neçə avtomobil qaçıra bilən dəstə maşınları tanışlarına məxsus avtoservisə aparıblar. 
Dəstə üzvlərindən ilk ələ keçən Cavid və Romanın ətrafında aparılan əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, onlar maşınları yaxın tanışı Şahin Bayramova satıblar. Şahin isə maşınları hissələrə ayıraraq pul qazanırmış. Cinayət işi ilə bağlı dindirilən Şahinin iş ortağı Vüsal Əliyev hadisədən xəbərsiz olduğunu və bütün işlərin şərikinə aid olduğunu bildirib. Lakin polis əməkdaşları Şahinin Xəzər rayonu Albalılıq yaşayış massivində yerləşən avtoservisinə baxış keçirərkən qaçırılan maşınların ehtiyat hissələrini servisin gizli sexində tapıblar. Maraqlıdır ki, avtomobillərin ehtiyat hissələri çox da uzaqda deyil, elə obyektin yaxınlıqdakı mağazada satılırmış. 
Bu istiqamətdə aparılan əməliyyat-istintaq tədbirləri zamanı onların daha bir “Mersedes” markalı avtomobili qaçırdıqları məlum olub. Martın 7-nə keçən gecə R.İsmayılov küçəsində yaşayan Aytən İbrahimovaya məxsus “Mersedes” markalı avtomobili qaçıraraq gizli avtotəmir sexinə gətiriblər. 
İstintaq zamanı növbəti zərərçəkmiş də müəyyən edilib. Bu isə Bakı şəhər sakini Mürsəl Soltanovdur. Onun Kənar dairəvi yoldan yanvar ayında qaçırılmış “Mersedes” markalı avtomobil martın 27-də Zabrat qəsəbəsi yeni yaşayış massivində tam sökülmüş vəziyyətdə aşkar edilib.
Bu cinayətlə bağlı şübhəli bilinərək saxlanılan Tural Məhərrəmov, Roman Manqasarov, Vüsal Əliyev, Şahin Bayramov və Cavid Ağayevin ətrafında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin digər üzvləri, Tərtər rayon sakini Fəxri Quliyev martın 24-də, Bakı şəhər sakini Anar Piriyev isə martın 25-də təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Onların cinayət məsuliyyətinə cəlb edilmələrinin səbəbi dələduzluq əməli olub. Fevralın 25-də Anar, Fəxri və Elməddin adlı şəxslər “Renault” markalı avtomobilin üzərinə eyni markalı avtomobilin dövlət nömrə nişanını bağlayaraq Bakı şəhər sakini Vüqar Məlikova 900 manat ilkin ödənişlə satıblar. Anarla Fəxri yaxalansa da, Elməddin Mehdiyevin tutulması üçün intensiv əməliyyat tədbirləri davam etdirilir.
Saxlanılan Fəxri istintaqa verdiyi ifadəsində bildirib ki, tanışı Elməddindən “Reno” markalı maşın alıb. Amma bu maşından əlavə özünün eyni markalı maşını olub. Fəxrinin öz maşını yararsız olduğuna görə həmin avtomobilin dövlət nömrə nişanını çıxarıb Elməddindən aldığı avtomobilin üzərinə taxıb. Bu yolla maşın Anar Piriyevin vasitəsilə Cavid Əliyevə satılıb. Cavid isə həmin maşını hissələrə ayırmaq məqsədindən daşınaraq satışa çıxarıb. Nəticədə, eyni modelli avtomobil ayrı bir dövlət nömrə nişanı ilə satılıb. 
Faktla bağlı Binəqədi RPİ İstintaq Şöbəsində araşdırma aparılır.