Xəbərlər

Əsas səhifə

QANUNSUZ DÖVRİYYƏYƏ QARŞI QANUNİ MÜBARİZƏ

28.03.2014

Bakı Şəhər BPİ NMİ və Yasamal RPİ NMB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Şübhəli qismində yaxalanan ayrı-ayrı şəxslərdən satış və istifadə məqsədilə saxlanılan, ümumilikdə 12 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

narkotik
Bir müddət əvvəl Nizami rayonunda Samir adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə Bakı Şəhər BPİ NMİ-yə əməliyyat məlumatı daxil olub. Məlumatlar dəqiqləşdirildikdən sonra polis şübhəli şəxsin izinə düşüb. 
Bakı Şəhər BPİ NMİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, martın 19-da Nizami rayonu ərazisində yaxalanan Samir Nəcəfovun əlindəki çantadan 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanıb. İdarənin əməkdaşı, polis mayoru Fikrət Nəsibovun sözlərinə görə, yaxalanan Samir Nəcəfov əvvəllər dəfələrlə narkotik cinayətlərinə görə məhkumluq həyatı yaşayıb. Belə ki, o, ömrünün 17 ilini dəmir barmaqlıqlar arxasında keçirib. 
Yaxalanan Samir Nəcəfov ifadəsində narkotik vasitəni ötən ilin yayında Zaqatala rayonunda yaşayan türmə yoldaşı ilə görüşə gedərkən, boş sahədən yabanı halda bitən çətənə kollarından yığdığını bildirib. Sonra isə onları qurudaraq satış məqsədilə paytaxta gətirib və 100 qramını 500 - 600 manata satmaq istəyib. 

Narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən digər şəxsləri Yasamal RPİ NMB əməkdaşları yaxalayıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, şübhəli şəxs qismində yaxalanan Zamiq Qasımzadənin üzərinə baxış keçirilərkən 170 qram tiryək aşkar edilib. Davam edən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitəni ona satan Bakı şəhər sakini Elşən Aslanov da yaxalanıb. Onun üzərinə baxış keçirilərkən, əlindəki çantadan 2 kiloqrama yaxın tiryək aşkar edilib. Yaxalanan şəxs ifadəsində narkotik maddəni 2000 manata satmaq istədiyini bildirib.
NMB-nin rəisi, polis mayoru Anar Əsgərovun sözlərinə görə, E.Aslanov əvvəllər bir dəfə eyni əmələ görə məhkumluq həyatı yaşayıb. 
Yasamal RPİ NMB əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri zamanı yaxalanan Asif Qəmbərovdan 445 qram marixuana aşkar edilib. Məlum olub ki, o, həmin narkotik vasitəni 400 manata satmaq istəyib. Qeyd etmək lazımdır ki, Asif əvvəllər də qəsdən sağlamlığa xəsarət yetirmə, oğurluq və narkotik cinayətlərinə görə məhkum edilib. 
Yaxalanan növbəti şəxs, Bakı şəhər sakini Sadiq Məmmədovdan 770 qram həşiş aşkar edilib. Dindirmə zamanı o, narkotik vasitəni Sabirabad rayonunda tanımadığı şəxsdən əldə etdiyini və satmaq üçün paytaxta gətirdiyini bildirib. 
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı baş tutmuş digər bir əməliyyat tədbiri nəticəsində yaxalanan şəxs Emin Fərhadovdur. Onun üzərinə baxış keçirərkən 370 qram marixuana aşkarlanıb. Əvvəllər narkotik cinayətinə görə bir dəfə məhkum edilmiş Emin Fərhadov qanunsuz əməllərlə məşğul olduğunu etiraf edib. 
Narkotik vasitələrin mənbəyinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.