Xəbərlər

Əsas səhifə

BAKI POLİSİ TƏHLÜKƏSİZLİYİN VƏ QANUNÇULUĞUN KEŞİYİNDƏDİR

23.01.2014

Yanvarın 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2013-cü ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan daxili işlər naziri qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində regionun lider dövlətinə çevrilən respublikamız sürətlə inkişaf edir, beynəlxalq nüfuzu daha da artır. Cənab Prezidentin yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda 
duran vəzifələrə həsr olunmuş iclasında da qeyd etdiyi kimi, ölkəmiz üçün ötən il də çox uğurlu olmuş, Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Belə ki, ümumi daxili məhsul 6 faiz, qeyri-neft sektoru 9,8 faiz, əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya cəmi 2,4 faiz səviyyəsində olmuşdur. Bütün bunlar isə dövlət başçısının bəyan etdiyi proqram və planların reallığa söykənməsinin, milli maraqlara tam cavab verməsinin və ardıcıllıqla həyata keçirilməsinin əyani təsdiqi olmaqla daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir.
Qeyd olunmuşdur ki, iqtisadiyyatın inkişafının, strateji əhəmiyyətli dövlət proqramlarının və tədbirlərinin, beynəlxalq layihələrin uğurla həyata keçirilməsinin mühüm amillərindən olan ictimai asayiş və əmin-amanlıq ötən ildə də daxili işlər orqanları, o cümlədən paytaxt polisi tərəfindən etibarlı qorunmuşdur.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.
O demişdir ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır. Hesabat dövründə Bakı şəhərində ümumən 10.524 cinayət hadisəsi qeydə alınmış, onların 82,9%-i (8.714) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,1%-i (1810) isə ağır və xüsusilə ağır növ cinayətlər olmuşdur. 
Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və həyata keçirilməsi sayəsində əvvəlki illə müqayisədə şəxsiyyət əleyhinə törədilən cinayətlər 28,9% (2.468-dən 1.754-dək), adam öldürməyə cəhdlər 35,3% (34-dən 22-dək), soyğunçuluqlar 17,2% (209-dan 173-dək), dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,5% (111-dən 66-dək), avtonəqliyyat vasitələrinin oğurluğu 16,7% (30-dan 25-dək), mal-qara oğurluqları 28,6% (49-dan 35-dək), xuliqanlıqlar 2,2% (602-dən 589-dək) azalmış, ağır növ cinayətlərin açılması 0,8% (78,9%-dan 79,7%-dək), o cümlədən qəsdən adam öldürmə cinayətlərinin açılması 1,7% (94,9%-dən 96,6%-dək), quldurluqların açılması 1,9% (79,7%-dən 81,6%-dək) yaxşılaşmış, qeydə alınmış 15 hədə-qorxu ilə tələb etmə cinayətlərinin hamısı açılmış, ümumi cinayətlərin 74,4%-nin, şəxsiyyət əleyhinə törədilən cinayətlərin isə 92,6%-nin açılması təmin olunmuşdur. 
Məqsədyönlü tədbirlər nəticəsində qanunsuz saxlanılan 48 odlu silah, o cümlədən 7 avtomat, 26 tapança, 15 tüfəng və xeyli sayda sursat götürülmüş, odlu silahlardan 28-i əməliyyat yolu ilə aşkar edilmişdir. Dövriyyədən 191 kiloqramdan artıq narkotik vasitə çıxarılmışdır.
Cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir. 
Baş İdarənin rəisi mövcud nöqsanları və onların aradan qaldırılması üzrə qarşıda duran vəzifələri də diqqətə çatdırmışdır.
Məruzəətrafı çıxışlarda struktur qurumlarının və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, eyni zamanda, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görəcəklərini bildirmişlər.
Əməliyyat müşavirəsinə yekun vuran nazir, general-polkovnik Ramil Usubov əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirmiş, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını məmnunluqla vurgulamışdır. 
Daxili işlər naziri müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəltmiş, tapşırıq və tövsiyyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarını göstərmişdir. Eyni zamanda o, qeyd etmişdir ki, bu gün daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən bütün şərait yaradılmış, əməkdaşlar və hərbi qulluqçular dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu ali etimada cavab olaraq hər bir əməkdaş üzərinə düşən vəzifələri nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir. 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, ölkənin daxili işlər orqanları, o cümlədən Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti cinayətkarlıqla mübarizəni əzmlə davam etdirəcək, dövlət başçısının sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyduğu bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcəkdir.