Xəbərlər

Əsas səhifə

POLİS AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN ƏSAS SÜTUNLARINDAN BİRİDİR

18.01.2014

Özünü polis peşəsinə həsr edən insan, hüquq mühafizə orqanlarında işləyən hər bir şəxs birinci növbədə mənəviyyatca saf olmalıdır. Bütün başqa çatışmazlıqları, nöqsanları bağışlamaq olar, onlara dözmək də olar. Amma bu nöqsanı, - əgər buna nöqsan demək olarsa, - bağışlamaq, bu hallara dözmək olmaz.

Heydər ƏLİYEV
Ümummilli lider


1918-ci il iyulun 2-də AXC hökumətinin tarixi qərarı ilə Azərbaycanda ilk asayişi mühafizə dəstələri yaradıldı. Şərqin birinci demokratik respublikasının ilk polis orqanları olan bu dəstələr müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynamışdır. Polisi dövlətin zəruri təsisatlarından, mühüm sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev məhz bu tarixi faktı nəzərə alaraq, iyulun 2-ni “Azərbaycan Polisi Günü” elan etmişdir. Ulu öndər Azərbaycan polisinin 80 illik yubileyinə və polis gününə həsr olunmuş nitqində bildirmişdir: “Azərbaycan milisi, polisi, daxili işlər orqanları yarandığı gündən daim xalqla olmuş, xalqına, ölkəsinə, dövlətinə sədaqətlə xidmət etmişdir. Bu tarixi dövrdə Azərbaycan polisinin çox əhəmiyyətli nailiyyətləri, uğurları ilə yanaşı, itkiləri, səhvləri də olmuşdur. Daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini həyata keçirərək, Azərbaycan vətəndaşlarının, dövlətin, xalqın mənafeyini qoruyaraq canlarını qurban vermiş, həlak olmuşlar. Belə qəhrəmanların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların qəhrəmanlıq nümunələri bizim qəlbimizdə daim yaşayacaq və bugünkü, gələcək nəsillər, müstəqil Azərbaycanın polis əməkdaşları üçün həmişə örnək olacaqdır”.

Demokratik Cümhuriyyətin süqutundan sonra SSRİ dövründə fəaliyyət göstərən milis sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan dövlət təsisatı olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. İkinci Dünya müharibəsi illərində Azərbaycan milisinin 800-ə yaxın əməkdaşı ön cəbhədə vuruşmuş, onların həmkarları isə respublikada asayişi və təhlükəsizliyi mərdliklə qorumuşlar. Göstərdikləri igidlik və qəhrəmanlıqlara görə minlərlə milis işçisi dövlətin orden və medallarına layiq görülmüşdür. Müharibədən sonrakı illərdə də asayiş keşikçiləri cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyində qətiyyət nümayiş etdirmiş, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Azərbaycanın daxili işlər orqanlarının əsas inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə də dövlət qayğısı güclənmiş, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir. Şəxsi heyətin milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz polis, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxil Qoşun hissələri oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən bu döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərən 933 əməkdaşımız və hərbi qulluqçumuz şəhid oldu və itkin düşdü, 1700 nəfərdən çoxu yaralandı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş, öz tarixinin mürəkkəb dövrünə qədəm qoymuş Azərbaycanda, məlum olduğu kimi, qeyri-sabit ictimai-siyasi vəziyyət, insan hüquqlarının kütləvi şəkildə pozulması, hərc-mərclik, özbaşınalıq və s. bu kimi hallar dözülməz həddə çatmışdı. Qanunla nəzərdə tutulmayan çoxsaylı silahlı dəstələr və ayrı-ayrı silahlı şəxslər kriminogen durumu xeyli gərginləşdirmiş, əhalidə vahimə və qorxu yaratmışdı. Vəziyyəti daha təhlükəli edən məqam - respublikanın rəhbərliyinə təsadüfi, siyasi iradəsi, idarəçilik səriştəsi olmayan şəxslərin gəlməsi, onların yaranmış vəziyyətdən çıxış yolu tapa bilməməsi və bunun məntiqi nəticəsi kimi xalqın dövlət orqanlarına inamını itirməsi idi.

Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı respublikada köklü müsbət dəyişikliklərin əsasını qoydu. Ümummilli liderin 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanla ölkədəki mütəşəkkil cinayətkarlığa qarşı sistemli mübarizə başladı. Azərbaycan polisinin fəaliyyətinə, fədakarlığına daim yüksək qiymət verən Heydər Əliyev şəxsi heyətimizin sosial-müdafiəsinin yaxşılaşdırılması üçün konkret addımlar atmışdır. Ulu öndər daim vurğulayırdı ki, daxili işlər orqanları əməkdaşları ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır. Sonrakı illərdə bu istiqamətdə həqiqətən də böyük işlər görüldü. Ulu öndər Heydər Əliyev bütün vətəndaşların, o cümlədən, daxili işlər orqanları əməkdaşlarının himayədarı olduğunu konkret qərarları ilə sübut etdi.

Azərbaycan Prezidentinin 11 mart 1996-cı il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları 1.2 dəfə, 25 iyul 1997-ci il tarixli sərəncamı ilə müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları 1.5 dəfə, 30 may 1998-ci il tarixli sərəncamı ilə Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları 3,5 dəfə, 17 may 2000-ci il tarixli sərəncamı ilə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları 2 dəfə, sıravi və kiçik rəis heyətinin vəzifə maaşları 1.5 dəfə, 30 iyun 2003-cü il tarixli sərəncamla isə daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə və rütbə maaşları 1.5 dəfə artırılmışdır. Bundan başqa, DİN əməkdaşlarının ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmələri barədə ümummilli liderimiz Heydər Əliyev tərəfindən bir neçə dəfə sərəncam imzalanmışdır. Beləliklə, cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter aldı, kriminogen durum nəzarətə götürüldü. İnsanların polisə və bütövlükdə dövlət strukturlarına inamı və etimadı artdı. Sonrakı dövrlərdə daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edildi, fərmanlar, sərancamlar verildi. Daxili İşlər nazirliyi sistemində müasir dövrün tələblərinə uyğun islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı, daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atıldı.

Cinayətkarlığın dinamikasının statistik müqayisəsi bu sahədə baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. Xaos dövrü kimi səciyyələndirdiyimiz 1992-ci ildən 2004-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94.2 faizə qədər yüksəlmişdi. Bununla yanaşı, bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq isə 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4.6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10.8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə, yol-nəqliyyat hadisələri 24,1 faiz o cümlədən, bu hadisələrdə ölənlərin sayı 42,8 faiz, xəsarət alanlar isə 21,6 faiz azalmışdı. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3.6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3.4 dəfə artmışdı. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdi.

Xidmətin müasir standartlar səviyyəsində təşkilinə yönəlmiş islahatlar və inkişaf dövrünü yaşayan daxili işlər orqanları üçün ictimai qaydanın, qanunun aliliyinin təmin edilməsi, insan faktoru, cinayətkarlığa qarşı mübarizənin uğurla aparılması əsas prioritetlərdir. Bu sahədə sistemli şəkildə təşkilati-əməli iş həyata keçirilir, o cümlədən müasir və təkmil yeniliklər tətbiq edilir, əməkdaşların həm peşəkarlıq səviyyəsinin artırılması, həm də mənəvi yetkinləşməsi üçün müvafiq tədbirlər görülür. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində vurğulamışdır ki, cinayətlərin açılmasında, təqsirləndirilən şəxslərin tutulmasında, əməliyyat-axtarış fəaliyyətində elmi-texniki tərəqqinin son nailiyyətləri geniş tətbiq edilir: “Müasir dövrün çağırış və təhdidlərinə adekvat cavab vermək üçün ilk növbədə informativ-analitik işin, habelə transmilli mütəşəkkil cinayətkarlığın təzahürlərinə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə, qeyri-leqal miqrasiyaya qarşı əməliyyat-axtarış fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tərəfimizdən beynəlxalq təcrübədə özünü doğrultmuş tədbirlər həyata keçirilir”.

Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlətin maraqlarının etibarlı qorunması, ölkədəki əlverişli investisiya iqliminin davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis - vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması kimi vəzifələr də durur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Proqram əsasında həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin strukturunda Daxili Təhlükəsizlik, İnsan Alverinə Qarşı Mübarizə, Miqrasiya, Korrupsiya Cinayətləri üzrə Əməliyyat-Axtarış Tədbirləri idarələri təsis olunmuşdur. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə 102 Xidməti, “Qaynar xətt”, internet saytı, elektron poçt ünvanı və s. yaradılmışdır. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük əhəmiyyət kəsb edən xüsusi texnika, avadanlıq və vasitələr alınmış, yeni informasiya sistemlərinin tətbiqinə başlanılmışdır. Bir çox struktur qurumlar üçün inzibati binalar inşa edilmiş, avtomobil parkı xeyli genişləndirilmiş və müasirləşdirilmişdir. Yüksək ixtisaslı hüquqşünas kadrlar hazırlamaq məqsədilə Polis Akademiyasında beynəlxalq tələblər səviyyəsində hərtərəfli islahatlar aparılmış, nəzəriyyə və təcrübənin uzlaşdırılması işinə diqqət artırılmışdır.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları, habelə digər təminat xərcləri ardıcıllıqla artırılmışdır. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş qanunla “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə”, “Polis veteranı” və “Azərbaycan Polisinin 90 illiyi” medalları təsis olunmuş, rəis və sıravi heyətin geyim formasının və fərqlənmə nişanlarının yeni nümunələrinin təsviri təsdiq edilmiş, “Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan yüzlərlə əməkdaşımız dövlət mükafatları ilə təltif olunmuş, bir sıra rəhbər vəzifəli şəxs ali rütbələrə layiq görülmüşdür.  Daxili işlər orqanlarına aid olan mühüm infrastrukturların yenidən qurulması, abadlaşdırılması işi də böyük vüsət alıb. Dövlət başçımızın xüsusi diqqət və qayğısı nəticəsində Daxili İşlər Nazirliyi sistemində müxtəlif təyinatlı yeni obyektlər inşa olunmuş, bir çoxları isə əsaslı şəkildə yenidən qurularaq istismara verilmişdir. Təsadüfi deyil ki, son iki ildə təkcə Polis Akademiyasında yeni obyektlərin tikintisinə dövlət büdcəsindən vəsait ayrılaraq ən müasir tələblər səviyyəsində yeddi mərtəbəli tədris korpusu, 1000 (min) yerlik yeməkxana, 200 nəfərlik beşmərtəbəli yataqxana binaları inşa edilmiş, aparılmış əsaslı təmir və yenidənqurma işləri nəticəsində müasir idman kompleksi, kompyuterləşdirilmiş, zəruri texniki və əyani vasitələrlə tam təchiz olunmuş siniflər, fənn kabinetləri, mühazirə zalları istifadəyə verilmişdir. Eyni zamanda Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun, DİN-nin Mərkəzi Arxivinin inzibati binaları inşa edilmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binası əsaslı təmir olunmuşdur. Bakı Şəhər Baş Polis İdarəsi, Çevik Polis Alayı ən müasir tələblərə cavab verən xidməti inzibati binalarla təmin edilmişdir. Bu quruculuq işləri rayon, şəhər polis idarələrində də davam etdirilir, xidməti iş yerlərinin yaxşılaşdırılıması sahəsində mühüm addımlar atılır.

Azərbaycan polisi möhtərəm Prezident İlham Əliyevin bu ali diqqət və qayğısına öz işi ilə cavab vermək əzmindədir. Bu gün respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabit saxlanması bizim uğur göstəricimizdir. Operativ fəaliyyət, peşəkar xidmət, xalqa bağlılıq, dövlətə və ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqlik bizim xidməti fəaliyyətimizin əsas prioritetlərdir.