Xəbərlər

Əsas səhifə

POLİS - VƏTƏNDAŞ MÜNASİBƏTLƏRİ

10.08.2013

Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında polis - vətəndaş münasibətləri mühüm rol oynayır. Qabaqcıl ölkələrdə də vətəndaşlar polisin xidməti fəaliyyətinə həssaslıqla yanaşır, cinayətkarlığa qarşı mübarizədə asayiş keşikçilərinə dəstək verir. Çünki cəmiyyətdə baş verən hər bir təhlükəli əməlin arxasında hansısa bir qrupun və ya fərdin dayanmadığı yalnız subyektiv mülahizədir.

Polisin vəzifəsi insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdır. Bu baxımdan, cinayətkarlığın profilaktikası çox vacib və daim gündəmdə olan məsələlərdən biri olmaqla, ilk növbədə insan haqları və azadlıqlarının müdafiəsinə xidmət edir.

Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində vurğulamışdır ki, Prezident İlham Əliyevin tələbi cinayətkarlığa qarşı mübarizənin daha effektli aparılması, Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlət maraqlarının etibarlı qorunmasıdır. Nazir xüsusi olaraq qeyd etmişdir ki, daxili işlər orqanlarının qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməsi üçün polisin peşəkarlığının yüksəldilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis - vətəndaş münasibətlərinin daha da inkişaf etdirilməsi daim diqqət mərkəzindədir.

Cinayətkarlığın profilaktikasında dünya təcrübəsi göstərir ki, bu işin təşkili daha ağır cinayətlərin törədilməsinə qarşı güclü təsir göstərməklə, vətəndaşları daha ayıq-sayıq olmağa sövq edir. Polis orqanlarında aparılan islahatların əsas istiqamətlərindən biri də məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılmasında profilaktik işlərin müntəzəm aparılmasıdır.

Ancaq bu sahədə mövcud olan problemlərin həllinin ən effektli yollarından biri polisin əhali ilə sıx təmasda və cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə işləməsi, məqsədyönlü və sistemli şəkildə əhali arasında maarifləndirmə tədbirləri keçirməsidir.


Vətəndaşların müraciətinə çevik reaksiya

Daxili işlər orqanlarına göstərilən diqqət və qayğı, asayiş keşikçilərinin daha da səmərəli fəaliyyət göstərmələri üçün əlverişli şərait yaratmışdır. Ölkəmizin artmaqda olan iqtisadi qüdrəti, insan hüquq və azadlıqlarının təminatına xidmət edən uğurlu dövlət siyasəti xidməti fəaliyyətin təkmilləşməsinə, onun beynəlxalq standartlar səviyyəsində təşkilinə təkan vermişdir. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görülməsi, cinayətlərin üstünün operativ açılması və dəqiq uçotunun aparılması baxımından “102” Zəng Xidməti böyük əhəmiyyət kəsb edir. Ərazi polis orqanlarına daxil olan müraciətlərə çevik reaksiya verilməsi, bu işə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsi vətəndaş - polis münasibətlərində etibarlılığı daha da artırmışdır. Paytaxtda fasiləsiz və canlı nəzarəti təmin edən “Təhlükəsiz Şəhər” Avtomatik İdarəetmə sisteminin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Bakı Şəhər Baş Polis İdarəsində fəaliyyət göstərən “Qaynar xətt”, elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətləri dərhal nəzarətə götürülərək operativ həllində böyük rol oynayır. Bütün bunlar bir daha təsdiq edir ki, DİN rəhbərliyinin mövqeyi ölkədə ictimai təhlükəsizliyin daha etibarlı qorunması ilə yanaşı, vətəndaşların müracətlərinə həssaslıqla yanaşmaqdan ibarətdir.

İctimai Şuralar: ümumi və fərdi profilaktika özünü doğruldur

Əhali ilə mütəmadi ünsiyyətdə olan bayır xidmətlərində köklü islahatlar aparılaraq polis sahə inspektoru xidməti beynəlxalq təcrübəyə uyğun “sahə rəisi” statusunda yenidən qurulmuşdur. Prezident İlham Əliyevin yaxından dəstəklədiyi bu yenilik 2009-cu ilin may ayında qanunvericiliyə edilmiş bir sıra əlavə və dəyişikliklərlə öz hüquqi həllini tapmışdır. Qeyd edək ki, “Sahə rəisi” - tabeliyində 3 - 4 polis sahə inspektoru, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor və post-patrul xidməti əməkdaşları olan və 10 min nəfərədək əhalinin yaşadığı xidməti əraziyə (sahəyə) təhkim olunmuş polis zabitidir.
Digər tərəfdən, ərazi üzrə kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən xidməti fəaliyyət “Sahə rəis”lərinin də üzərinə bir sıra yeni vəzifələr qoymuşdur. Bu gün sahə rəisi İnzibati Xətalar Məcəlləsinin 29 maddəsi üzrə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir.  Hər bir xidməti ərazidə cəmiyyətin fəal təbəqəsini təmsil edən İctimai şuralar fəaliyyət göstərir. Şura üzvləri gündəlik həyata keçirilən ümumi və fərdi profilaktika tədbirlərində iştirak edir, əvvəllər məhkum olunmuşlar, münaqişəli ailələr, sərxoşluğa, narkotik vasitələrə meyllilər və digər risk qruplarına aid şəxslər ətrafında iş aparırlar.
Bu yeniliklər də sahə rəisinin hüquqpozmalara dərhal adekvat reaksiya vermək və onları aradan qaldırmaq imkanlarını genişləndirməklə bərabər, ən başlıcası, əhali ilə əlaqələrinin möhkəmlənməsinə, xidməti fəaliyyətin daha effektli yerinə yetirilməsinə xidmət edir.