Xəbərlər

Əsas səhifə

Polis öyrədir: təhlükəsiz yaşamaq istəyiriksə...

15.11.2018

Paytaxt məktəblərində yol hərəkəti təhlükəsizliyi, zərərli vərdişlərin fəsadları ilə bağlı maarifləndirici görüşlər keçirilib, şagird-müəllim kollektivlərini maraqlandıran suallara cavab verilib.
 
Yol hərəkəti təhlükəsizliyi, qəzaların qarşısını almaq məqsədilə maarifləndirmə tədbirləri çərçivəsində noyabrın 14-də Binəqədi rayonunda 276 nömrəli orta məktəbdə görüş keçirilib. Keçirilən tədbirdə Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, Məryəm Ömərova, baş inspektor Kəmalə Əlkəbərova, Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov, Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları iştirak ediblər.  Çıxışlarda qeyd edilib ki, paytaxtın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin etibarlı təminatında hər bir hərəkət iştirakçısının məsuliyyəti var. İctimai təhlükəsizliyin qorunmasında hər birimiz cavabdehlik daşıyırıq - əgər doğmamız avtomobili sürətli idarə edirsə, ona deməliyik ki, bu təhlükədir. Əgər hər hansı şəxs, o cümlədən sürücü, piyada yol hərəkətinin iştirakçısına çevrilirsə, bu zaman hüquq və vəzifələrə görə məsuliyyət yaranır.

Görüş zamanı şagirdlərə yol hərəkəti qaydaları ilə bağlı video-çarx nümayiş etdirilib.

Növbəti tədbir noyabrın 14-də Buzovna qəsəbəsində 206 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilib. 
Tədbirdə orta rayon İcra hakimiyyətinin nümayəndələri, Mərdəkən qəsəbə ağsaqqalları və ictimayyət nümayəndələri, Xəzər Rayon Polis idarəsinin rəisi Azər Muradov məktəbin şagird və pedoqoji kollektivi qarşısında çıxış ediblər. Maarifləndirmə işlərinin aparılması dövlət proqramının prioritetlərindən biri olduğunu bildirən polis rəisi qeyd edib ki, narkotik istifadəçisi olan və ya olmayan hər bir şəxsin bu faciənin nəticələri haqda maariflənməsi, xəstəliyin insanları hansı həddə çatdıra biləcəyi haqda məlumatlı olması vacibdir: “Ona görə hər kəs insanlığa bəla bu problemlə mübarizədə fəal olmalıdır”.

Ötən həftə zərərli vərdişlərin, xüsusən narkotik vasitələrin təsirinə düşmə təhlükəsinə qarşı yönələn mübarizə tədbirlərinin əhəmiyyəti barədə Nizami rayonunda yerləşən 145, 277 və 62 nömrəli orta məktəblərdə keçirilən görüşlərdə geniş fikir mübadiləsi aparılıb, narkomaniyanın gənc nəslin arasında yayılmasına səbəb olan hallar diqqətə çatdırılıb. 
Rayon icra hakimiyyəti narkotiklərlə mübarizə komissiyasının nümayəndələrinin, polis veteranlarının iştirakı ilə keçirilən tədbirlərdə rayon polis idarəsinin rəis müavini Müşviq Aslanov, 24-cü PŞ-nin  rəisi Cövdət Məmmədov, 25-ci PŞ-nin rəisi Elmir Hüseynov, Nizami RPİ-nin baş inspektoru  Pərvanə Əzizova, inspektor  Mehdi  Seyidov və digər qonaqlar məktəblilər qarşısında çıxış ediblər. Vurğulanıb ki, Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikadan istifadə hallarının qarşısının alınması daim müvafiq dövlət qurumlarının – polisin diqqət mərkəzindədir.