Xəbərlər

Əsas səhifə

Gələcəyin polisləri ilə görüş keçirilib

14.11.2018

DİN-in Polis Akademiyasında kursantlara peşə vərdişlərinin aşılanması, onlarda dövlətə, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi ilə bağlı tədbir keçirilib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirdə DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov, Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov, Akademiyanın müəllim-komandir heyəti və bu il qəbul olunmuş kursantlar iştirak ediblər.

DİN-in Veteranlar Şurasının sədri F.Süleymanov çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsinin dayandığını bildirib.

Qeyd olunub ki, müstəqilliyi üçüncü onilliyinə qədəm qoymuş Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır və ümummilli liderin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti məhz bu amala xidmət edir. Ulu öndər Heydər Əliyevin qayğısı ilə inkişaf yoluna çıxan bu təhsil ocağı da ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı sayəsində tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiyada aparılan geniş abadlıq və quruculuq işləri, həmçinin yeni tədris korpusunun, əlavə dərs və məşğələ otaqlarının tikilməsi, bu istiqamətdə bütün imkanların səfərbər edilməsi sevindirici haldır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunmasında, cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan Polisinin də üzərinə çox böyük və məsuliyyətli iş düşür. Hələ müstəqilliyimizin ilk illərində erməni təcavüzünə qarşı döyüşənlərin, Vətənin səsinə səs verənlərin içində yüzlərlə polisimizin şəhidlik zirvəsinə ucaldığını, əlil olduğunu xatırladan natiq bu gün də polisin daha məsuliyyətlə, inamla dövlətə, xalqa xidmətindən danışıb.

Daha sonra Polis Akademiyası rəisinin böyük köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev diqqətə çatdırıb ki, gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə özlərini təsdiqləmələri üçün şərait yaradır. Məhz bu diqqət və qayğının nəticəsi olaraq cari il Akademiyaya qəbul olunanlardan 100 nəfərin 600, 24 nəfərin isə 650-dən yüksək bal topladığını diqqətə çatdıran O.Vəliyev onların irəliləyən illərdə də təhsildə və təlimdə daha yüksək nəticələr göstərəcəklərinə inamını ifadə etdi.