Xəbərlər

Əsas səhifə

Piyadanın ölümünə səbəb olan avtobus sürücüsü həbs edilib

23.10.2018

Oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonunda Zaur Quliyevin 131 saylı marşrut xətti üzrə idarə etdiyi “General Avtocompany” MMC-yə məxsus “Daewoo BS 090” markalı 90-TH-257 dövlət qeydiyyat nişanlı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişin düşürdükdən sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində 1998-ci il təvəllüdlü Aysel Məmmədovanı vurub üzərindən keçərək ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyənləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir ki, fakta görə Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib. Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyənləşdirildiyindən sürücünün sərnişindaşıma ilə məşğul olmasına şərait yaratmış “General Avtocompany” MMC-nin vəzifəli şəxsləri barəsində Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində araşdırmalara başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.