Xəbərlər

Əsas səhifə

Daxili İşlər Nazirliyinin rəsmi “Twitter” və “Youtube” səhifələri fəaliyyətə başlayıb

23.08.2018

İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2018-ci il avqustun 22-dən Daxili İşlər Nazirliyinin rəsmi Twitter (https://twitter.com/MIAAzerbaijan) və Youtube(https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w) səhifələri fəaliyyətə başlayıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, səhifələrdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlər öz əksini tapır. Yeni yaradılan səhifələrdə daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşlər və digər mövzularda müxtəlif səpkili materiallarla da tanış ola bilərsiniz.

Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, real əsası olmayan, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini, müxtəlif maraqlı qüvvələrin ölkəmizdə sabitliyin, əmin-amanlığın pozulmasına yönəlmiş dezinformasiyalar yaymaq cəhdlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Artıq Youtube kanalından istifadə etməklə siz daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələrinə dair videosüjetləri izləmək, Twitter səhifəsində isə ən müxtəlif xəbərlərin, hadisələrin və tədbirlərin qısa anonslarını ilk mənbədən tanış olmaq imkanı əldə edəcəksiniz.