Xəbərlər

Əsas səhifə

Əmlakımızı cinayətkar qəsddən necə qorumalı?

31.05.2018

Azərbaycanda bu gün kriminogen durum fasiləsiz izlənilir, təhlil edilir, baş verən dəyişikliklərlə əlaqədar adekvat tədbirlər görülür. Cinayətlərin qarşısının alınması, açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələrdə tətbiq edilən informasiya resursları vasitəsilə hüquq pozuntuları barədə məlumatlara çevik reaksiya verilir.

Azərbaycanda, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, daxili işlər orqanlarında da islahatlar, müasir dövrün cağırış və təhdidləri ilə paralel formada aparılır, davamlı, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilir. Bu məqam, kompaniya xarakteri daşımır. Xüsusilə, şəxsi heyətin qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaqla cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunması sahəsində peşəkarlığının artırılması, ayrı-ayrı neqativ halların tam aradan qaldırılması diqqət mərkəzində saxlanılır. Həyata keçirilən və praktikada özünü doğrultmuş bütün tədbirlər cinayətkarlığa qarşı mübarizəyə, vətəndaşların həyatının, sağlamlığının, qanuni mənafelərinin hüquqazidd əməllərdən effektiv qorunmasına xidmət edir. Hazırda cinayətin və cinayətkarlığın qarşısını almaq üçün əsas diqqət qabaqlayıcı profilaktiki tədbirlərə yönəlib. Məqsəd odur ki, ümumiyyətlə təhlükəli əməllər - cinayət hadisələri planlaşdırılarkən, yaxud başa çatmadan aşkarlanıb ifşa olunsun.

 Ətrafda şübhə yaradan hər bir hala qarşı diqqətli olmalıyıq

Etiraf etmək lazımdır ki, bu gün cəmiyyətdə - sosial şəbəkələrdə, mətbuatda əsas müzakirə mövzulardan biri polisin fəaliyyəti ilə bağlı olan məsələlərdir. Səslənən çeşidli fikirlərdə polisin işini təqdir edənlər də olur, tənqid edənlər də tapılır. Deyək ki, birinin evindən, başqasının şirkətindən külli miqdarda mülkiyyəti talanıb. Səs-küy qalxır, polisə müraciət edilir, talanan əmlakın tapılıb tez bir vaxtda geri qaytarılması tələb edilir. Təbii ki, bu, vətəndaşın hüququdur. Ancaq bu "geri qayıtma" həmişə tez baş vermir. İstər-istəməz özümüzdə belə bir sual yaranır: əmlakımızı qorumaq üçün nə etməliyik, vətəndaş olaraq oğurluğun qarşısını biz nə ilə ala bilərik? kimsə deyə bilər ki, bunun qarşısını almaq, ümumən mümkün deyil. Təcrübəli əməliyyatçılar, kriminalistlər isə hesab edir ki, ətrafda şübhə yaradan hər bir hala qarşı cəmiyyət diqqətli olmalı, qabaqlayıcı tədbirlərin görülməsi üçün polisi məlumatlandırmalıdır. Çünki qonşunun evində baş verən oğurluğa digər qonşunun etinasız münasibəti artıq təhlükənin onun da qapısını döyməsinə gətirir. Yəni, burada cəmiyyətin hər üzvünün bir-birinə qarşı həssas münasibəti ictimai təhlükəsizliyin daha etibarlı çətiri, daha dayanıqlı şəklidir. Bu ənənə, müasir dövrdə polis-vətəndaş münasibətlərinin əsas qayəsidir. Eyni zamanda, məsuliyyətdir, ictimai təəssübkeşlikdir.

Mülkiyyət cinayətlərinin təhlil araşdırmalarından məlum olur ki, oğru daxil olmaq istədiyi obyekti seçərkən yolunu kəsən maneləri nəzərdən keçirir. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə tutulan şübhəli şəxslər ilkin ifadələrində bildiriblər ki, onlar üçün ən cəlbedici oğurluq ünvanı mühafizə olunmayan, gözdən iraq yerlərdə yerləşən mənzillər, gəliş-gedişi az olan obyektlərdir. Oğurluq əməlləri açıq qapıdan, pəncərədən, eyvandan, tavanda keçməklə yanaşı, divarsökmə, açarseçmə, kilid, pəncərə, yaxud dəmir barmaqlığı sındırma yolu ilə törədilir. Cinayətkar mütləq bu yollardan birini seçir: daha az vaxtda obyektə daxil olmalı, öz niyyətini reallaşdırdıqdan sonra yaxalanmadan gəldiyi yerdən çıxmalı, yaxud başqa çıxışdan oranı tərk etməlidir. Ünvan seçilərkən oğru əsas diqqəti ona yönəldir ki, yaxınlıqda polis olmasın, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizilik sistemi - həyəcan çağırışı olmasın. Əgər əvvələr evdə heç kimin olmadığını müəyyən etmək üçün işıq, qaz sayğacları nəzərdən keçirilirdisə, bu gün artıq onlar üçün ən böyük təhlükə polisin təşkil etdiyi mühafizə sistemidir. Ölkəmizdə DİN Baş Mühafizə İdarəsinin ən müasir tələblərə və standartlara uyğun mühafizə sistemi fəaliyyət göstərir. Qabaqcıl təcrübəyə uyğun qürurlan və yeni avadanlıqlarla təhciz edilən təhlükəsizlik sistemi vətəndaşların inamını və etimadını doğruldur.

 Qabaqcıl texnologiyaya əsaslanan xidmət

Mühafizə olunan yerlərdə quraşdırılan təhlükəsizlik sistemindən məlumat telefon kabelləri ilə polisə çatırdısa, artıq ünvana kənar müdaxilənin olması ilə bağlı məlumat elektomaqnit dalğaları ilə ötürülür. Hətta sistem o qədər təkmil təchiz olunub ki, mühafizə olunan yerə daxil olub, sistemi dayandıracağından arxayınlaşan cinayətkar artıq polisin gələcəyini gözləmir. Ancaq mühafizəyə cəlb olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən həssaslığı polisin həmin ünvana 5 dəqiqə içərisində çatmasını şərtləndirir. Eləcə də xüsusi yerlərdə quraşdırılan kameralar vasitəsilə mühafizə olunan yerdən foto-video görüntülər elektron qaydada dərhal polis orqanına ötürülür. Əgər cinayətkar oğurluğa cəhd edib, təhlükəsizilik sistemindən mövcudluğundan xəbər tutub ərazidən uzaqlaşsa belə onunla bağlı məlumatlar mərkəzdə toplanır. Minimum vəsaitlə, təxminən ayda 25 manat ödəməklə mülkiyyət sahibi ilə polis arasında müqaviləyə əsaslanan qanuni öhdəlik yaranır. Nəticədə mühafizəyə cəlb olunan mənzillər, yaxud obyektlərə qarşı əvvəlcədən müəyyən olunan mühafizə saatlarında kənar müdaxilələr elektromaqnit dalğalarının göndərdiyi siqnallar dərhal qeydə alınır, 24 saat ərazidə xidmət aparan xüsusi qruplara ötürülür: "Xüsusi qruplar 2-5 dəqiqədən gec olmayaraq, siqnal gələn ünvana gedir, məlumatı yoxlayır, kənar müdaxilə yaradan halı aşkarlayır".

Bu sahədə mövcud vəziyyətin təhlil və ümumləşdirmələri onu deməyə əsas verir ki, indiyə qədər mühafizəyə cəlb olunan ünvanlarda mühafizə etibarlı təşkil olunub, xeyli sayda mülkiyyətə qəsdlərin qarşısı qətiyyətlə alınıb. Həqiqətən də insan nə qədər tədbirli olsa da, bütün dünyada cinayət və cinayətkarlıq inkişaf edir. Cinayət və cinayətkarlıqdan tamamilə xilas olan cəmiyyət hələ də mövcud deyil. Yalnız ona qarşı birgə mübarizə üsulları hər gün dəyişir, yenilənir. Hamılıqla əsas diqqəti qabaqlayıcı profilaktiki tədbirlərə yönəltməliyik ki, təhlükəli əməllər – cinayət hadisələri planlaşdırılarkən, yaxud başa çatmadan aşkarlanıb ifşa olunsun.

 

“Polis” qəzeti