Xəbərlər

Əsas səhifə

Maarifləndirmə tədbirləri diqqət mərkəzindədir

23.01.2018

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 2017-ci ildə bu istiqamətdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ərazi polis orqanlarının təşkilatçılığı ilə təhsil müəssisələrində və əmək kollektivlərində iki mindən çox görüş keçirilib. Həmin görüşlərdə tam orta məktəblərin 80 mindən çox yuxarı sinif şagirdi iştirak edib.

Toplantılarda DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, şəhər-rayon polis və icra orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrinin məsul əməkdaşları, narkoloq-həkimlər və psixoloqlar, pedaqoji heyət yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik, yoxsa həyat”, yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və cinsi istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması barədə çıxışlar ediblər. Eləcə də “Erkən nikahın fəsadları və qarşısının alınmasında gənclərin fəallığının artırılması”, “Radikal yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu”, “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi”, “Təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” mövzularında çıxışlar olub, törədilən hüquqpozmaların fəsadları barədə məlumat verilib.

Müzakirələrdə məktəbliləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, mövzularla bağlı videoçarxlar nümayiş etdirilib.