Xəbərlər

Əsas səhifə

Daxili Qoşunlarının Bakıda yerləşən “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib

03.05.2017

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığına əsasən, mayın 2-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Bakıda yerləşən “N” saylı hərbi hissəsində sıra baxışı keçirib.

Nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun iştirakı ilə keçirilən tədbirdə IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş hərbi qulluqçuların hazırlığının, geyim təminatının, xüsusi avadanlıq, eləcə də nəqliyyat vasitələri ilə təchizatının vəziyyəti yoxlanılıb.

General-leytenant Ş.Məmmədov Azərbaycanın ev sahibliyi edəcəyi yarışları ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, əldə etdiyi nailiyyətlərin tərkib hissəsi kimi dəyərləndirərək, İslamiadanın müsəlman xalqları və dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Qeyd olunub ki, idmanın 20 növü üzrə keçiriləcək Oyunlar ərəfəsində və yarışlar zamanı digər güc strukturları ilə yanaşı, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək Qoşunların hazırlığı və bütün növ təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqlar tam yerinə yetirilib.

Hərbi hissə komandiri yarışların təşkil olunacağı bütün ərazilərə, obyektlərə baxış keçirilməsi, müvafiq tədbirlərin görülməsi barədə məlumat verib. Bildirilib ki, həmin ərazilərə xüsusi icazəsi olmayan şəxslərin buraxılmasının və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə rəhbərliyi xidmətaparma yerləri ilə əyani tanış olub, həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib. Hazırlıq mərhələsində buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.

Daha sonra xüsusi təyinatlı bölmələrin, perimetr boyu və styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların təchizatına da baxış keçirilib.

Şəxsi heyətin hazırlığını yüksək qiymətləndirən Şahin Məmmədov xidmətin aparılmasına cəlb olunan digər hüquq-mühafizə orqanları ilə Qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində konkret tapşırıqlarını verib, şəxsi heyətə çətin və məsuliyyətli işdə uğurlar arzulayaraq, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.