Xəbərlər

Əsas səhifə

PEŞƏKAR XİDMƏTƏ GÖRƏ TƏŞƏKKÜR

21.04.2017

Vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət polis orqanlarının fəaliyyətində əsas prinsiplərdən biridir. Özünü, həyatını bu fədakar peşəyə həsr edən polisin məqsədi ictimai asayişin, sabitliyin etibarlı qorunmasına yönəlib.

Vətəndaşların qəbul edilməsi, müraciətlərinə baxılması məsələlərilə əlaqədar Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsinə çoxsaylı minnətdarlıq məktubları göndərilir. Şöbhəsiz ki, bu məktublar polis – vətəndaş münasibətinin yüksək səviyyəsindən xəbər verir və bizim üçün çox önəmli olduğunu vurğulamalıyıq. Daxil olan məktublardan bəlli olur ki, onları yazanın hər bir müraciəti müvafiq qaydadа öz həllini tapıb. Daha konkret olaraq, daxil olan bu məktublarda polisin fəaliyyəti etiraf olunur, vurğulanır ki, polis vətəndaş müraciətlərinə həssas yanaşır, problemini həll edir, vətəndaş hüquqları təmin olunur. Polisə ünvanlanmış məktubların hamısını dərc etmək mövcud imkanlar daxilində olmadığına görə, yalnız bir qismilə kifayətlənməli oluruq. Amma yeri gəldikcə vətəndaş məktublarınа bundan sonra yer ayırmağa, onların fikirləri ilə tanış olmağa çalışacağıq ki, yuxarıda qeyd etdiyimiz qarşılıqlı münasibətlə bağlı fikirlərimizin əbəs olmadığını təsdiq edə bilək.

İlk məktub Azərbaycan Kazaklar Həmyerlilərinin Qərargah rəisinin müavini Yesaul Aslan İsmayılova məxsusdur. O, Balaxanı qəsəbəsində yerləşən xristian qəbiristanlığında baş vermiş oğurluğun qısa müddətdə açılmasının təmin edilməsinə görə daxili işlər naziri Ramil Usubova polisin işindən razılıq və minnətdarlığını bildirir.

Nəsimi rayon sakini Susana Şərifova isə nazirə ünvanladığı teleqramda ailə  münaqişəsinin aradan qaldırılmasında köməyə görə polisə minnətdar olduğunu yazır: “Hörmətli cənab nazir! Ailəmdə baş vermiş problemlə bağlı sizə etdiyim müraciətdən sonra Nəsimi RPİ-nin əməkdaşları mənim müraciətimi nəzarətə götürərək, çox böyük diqqət və qayğı göstərdilər. Ailəmdə yaranmış problemlər öz həllini tapdı. Buna görə sizə və Azərbaycan polisinə öz minnətdarlığımı bildirirəm”.

Başqa bir məktub Sabunçu rayon sakini Alxan Məmmədovun adından daxil olub. O yazır ki, Maştağa qəsəbəsində martın 31-də iribuynuzlu heyvanı oğurlanıb və buna görə 14-cü Polis Bölməsinə şikayət edib: “Polis əməkdaşları qısa vaxt ərzində operativ şəkildə hadisəni törətməkdə şöbhəli bilinən şəxsləri müəyyən edib tutdular və oğurlanmış inəyin özümə geri qaytarılmasını təmin etdilər. Uğurlu əməliyyat keçirən polisin peşəkarlğı və operativliyi məni çox sevindirdi”,- sözlərilə məktub tamamlanır.

Xəzər rayonundan Nahid Nəsirov da Sabunçu RPİ-nin Təhqiqat şöbəsinin fəaliyyətindən məmnunluğunu ifadə edərək yazır ki, 1762 manatının  Yaşar Bağırov adlı şəxs tərəfindən mənimsənilməsi ilə bağlı müraciət edib. Onun müraciəti Təhqiqat Şöbəsində araşdırılıb və dəymiş maddi ziyan qısa müddət ərzində tam ödənilib. Buna görə də cənab nazir başda olmaqla, rayon polis idarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, onlara xidmətlərində uğurlar arzulayır.

Növbəti məktubu Sabunçu rayonu Zabrat qəsəbə sakini Elnarə Əlyeva DİN rəhbərliyinə ünvanlayıb. O, məruz qaldığı məişət narahatlığı ilə bağlı Bakı Şəhər BPİ-də işin hərtərəfli araşdırılmasından bəhs edir. Vətəndaş vurğulayır ki, müraciəti Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev və köməkçi, polis polkovnik-leytenantı Fuad Dadaşov tərəfindən baxılaraq, müsbət həll olunub.  

Bunlardan əlavə, qeyd edək ki, Nərimanov rayon sakini Nina İbrahimova Bakı Şəhər BPİ tərəfindən rayon polis idarəsində başlanan cinayət işi özrə işin hərtərəfli araşdırılaraq xitam verilməsi, Nəsimi rayon sakini Mahirə Kərimova Nəsimi RPİ İstintaq şöbəsinin rəisi Oruc Əmiraslanov və müstəntiq Babək Rüstəmov tərəfindən dəymiş maddi ziyanın ödənilməsilə bağlı məsələlərə görə minnətdarlıqlarını ifadə edirlər.

Eyni zamanda Səbail rayon sakini Məlahət Kazımova Səbail RPİ İstintaq şöbəsinin rəisi Namiq Qocayevə ona göstərilən hüquqi yardıma və hüquqlarının bərpa olmasına görə, Fuad Cəmilov isə Sabunçu rayonu Muxtarov qəsəbəsində “VAZ-21011” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması faktı özrə aparılan araşdırmanın qısa müddətdə effektiv nəticə verməsinə görə polis əməkdaşlarının fəaliyyətindən razılıqlarını ifadə edirlər.