Xəbərlər

Əsas səhifə

XİLASKAR POLİS

17.08.2015

Bakıda baş verən dəhşətli yanğın zamanı gözlər və ümid bir ünvana -  xilaskarlıq missiyasını üzərinə götürən daxili işlər və fövqəlаdə hallar orqanlarına yönəlmişdi, onlardan kömək, imdad gözləyirdi. odun-alovun, tüstü-dumanın içindən ucalan “kömək edin”, “bizi xilas edin” fəryadları içində görünən o idi ki, məhz onlar xilaskarlıq missiyasını həyata keçirirdi. Alov bürüyən mənzillərdə bu müqəddəs missiyanı öz üzərinə götürən əməkdaşların xidməti o qədər fədakar, o qədər gərəkli idi ki...
 
Bu dəhşətlərin içərisində o xilasedicilərin “tərcümeyi halı” cəmiyyət üçün yenidən vərəqləndi, yenidən canlandı. alovun içərisindən qucağında körpə ilə bayıra atılan, yaralı vətəndaşı öz kürəyinə alaraq odun içərisindən çıxaran o insan da vətənin övladıdır, bu vətənin vətəndaşıdır. Bu dəhşətin içərisində qürur verən, bu dəhşətin içərisində təskinlik tapdığımız vətəndaşı olduğumuz vətən övladlarının fədakarlığı oldu. vətəndaş üçün bu kömək vətənin içindən gəlirdi, bu köməyi vətənin öz övladları edirdi...
 
Baş verən yanğınla əlaqədar yaradılan dövlət Komissiyasının iclasında Prezident İlham Əliyev vurğuladı ki, hadisə zamanı bizim bütün dövlət qurumları çox böyük fədakarlıq göstərmişlər: “Səhiyyə işçiləri, təcili tibbi yardım işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq, qəhrəmanlıq göstərmişlər. Onlarla insan binadan təxliyyə edildi, xilas olundu. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Bir həqiqət var: arxalanaq, inanaq!

Baş verən o dəhşətlər içərisində xilasediciləri yalnız cəmiyyətin qanunlara hörmət edən çoxluğu yox, hamı səsləyirdi, hamı axtarırdı. Ancaq bəzilərinin bunu təsdiq etməyə ədaləti, ola bilsin ki, cəsarəti çatmadı. Tirajlanan və başqalaşdırılan vəziyyət o qədər ağrı yaradır ki, insanların faciəsi də az qala siyasi alətə çevrildi. Bir həqiqət unuduldu ki, xilasedici polisin də, fövqəladə halların da fəaliyyəti nə qədər təftiş edilsə də, cəmiyyətdə bir fikir hakim oldu: xilasedicilər dövlətə, xalqa və xidməti borca sədaqətlidir. Ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymayan xilasedicilər bu missiyasını fədakarcasına yerinə yetirdilər.
 
Sadalanan bu keyfiyyətlər cəmiyyətimiz üçün o qədər dərin məna kəsb edir ki, təhlükə baş verdikdə ilk yada düşən polis olur, axtarılan polis olur, gözlənilən polis olur. Bu halda polis həm də qanuna tabe olur və qanunauyğun hərəkət edir. Elə ənənələr var ki, onlar cəmiyyət və dövlət üçün əsas məqsəd daşıyır. Deyək ki, insanı qorumaq kimi üstün vəzifələr daşıyan polis qanun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərən ilk sipərdir. Bu ənənələr, vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır ki, bu insanın üzərinə düşən vəziflərin icrasında inam hissini gücləndirir, şəxsi keyfiyyələri formalaşdırır.

Niyə polis xidməti borcunu yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalıdır? Ona görə ki, başqalarının həyat və sağlamlığını təhlükədən xilas etmək polisin əsas vəzifələri sırasındadır ki, cəmiyyət onu qorumağa məsul olan qüvvəyə inam və etimad göstərir. Son dərəcə ciddi, ağır, məsuliyyətli, eyni zamanda da təhlükəli olan bu peşə sahibləri bütün cəmiyyətlərdə insanların dayağı, güman yeridir. İdarəçilik və təşkilatçılıq fəaliyyətinə effektiv nəzarət mexanizminin mövcud olduğu polis orqanlarında normativ-hüquqi tələblər qarşısında hər bir əməkdaşın öhdəçiliyi var. Ölkədəki qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamından asılı olduğuna görə, hüquq-mühafizə orqanlarının digər sahələrinin rolunu qətiyyən azaltmadan deyə bilərik ki, Azərbaycan Polisi bu ənənələri yaşadır və qoruyur. Bu adi vərdiş deyil, çünki bunun kökündə polis orqanlarının iş prinsipində vətəndaş amili əsasdır.
Vətəndaş birliyinin hər bir ölkənin inkişafı üçün əsas şərti olduğundan bu məqsəd uğrunda Azərbaycan Polisi üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir. Mümkündür ki, kimlər üçünsə bu adi, qanunauyğun hal olsun. lakin real həqiqətlər təsdiq edir ki, dövlət nümayəndəsi olan polis vətəndaş maraqlarının keşiyində dayanmaqla, onun yolunda canın da əsirgəmir. Bu yol dövlətin yoludur, insanlığın yoludur...