Xəbərlər

Əsas səhifə

POLİS XALQA VƏ DÖVLƏTƏ XİDMƏT EDİR

02.07.2015

 “Daxili işlər orqanı əməkdaşı peşəsini ürəkdən sevməli, xalqa, Azərbaycan respublikasına xidmət etməyi özünə şərəf bilməli, fiziki cəhətdən sağlam, mənən saf olmalıdır...”

Hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində polis peşəsi mühüm əhəmiyyət daşıyır, Odur ki, insanların rəğbətini qazanmaq, onları öz tərəfdarlarına çevirmək üçün ilk növbədə müasir dövrün çağırış və təhdidlərinin qarşıya çıxardığı məsul vəzifələrə uyğun fəaliyyət göstərməlisən. Azərbaycanda dövlət siyasətinin mərkəzində dayanan vətəndaşın polisin fəaliyyətindən razı qalması başlıca məqsəd olduğundan, hər bir polis əməkdaşı cəmiyyətin ona ehtiyacını anlayır. Polis insanın davranışına müəyyən nəzarət imkanına malikdir, o, görünməlidir, seçilməlidir.

Polis - cəmiyyət münasibətləri, bir qayda olaraq, mübahisə predmeti olduğundan, insanların ekstremal anda ilk öncə ağılına bu gəlir ki, polis lazımdır, ya yox? Çünki bunun həm hüquqi, həm də müəyyən qədər mənəvi səbəbləri var. Amma bunun başqa bir tərəfi də var, indiyə qədər heç bir dövlətdə sübut olunmayıb ki, dövrün çağırış və təhdidləri qarşıya hansı vəzifələr çıxara bilər?!  Elə dövr olub ki, çalışıblar polisin cəmiyyət həyatında heç bir rolu, funksiyası olmadığını, heç nəyin qarşısını almadığını sübut etsinlər. Ancaq təsdiq olunan təcrübə sübut edir ki, cəmiyyət inkişaf etdikcə polisin rolu ictimai mühitdə daha da dərinləşir.

Cəmiyyət inkişaf etdikcə, qabaqcıl ənənələr formalaşır, ictimai nəzarət güclənir, insan hüquqlarının təmin olunması sosial sifarişə çevrilir. Bu, demokratik prinsip olmaqla, vətəndaş cəmiyyətinin inkişaf meyarlarından qaynaqlanır. Bu reallığın əslində, nədən ibarət olduğu cəmiyyətə məlumdur. Qəbul olunan həqiqətdir ki, insan hüquqlarının möhkəm olduğu, pozulmadığı cəmiyyətlərdə sabitlik var, inkişaf var, rifah var. İnsan hüquqları pozulduqda isə çoxu məsuliyyəti özündə yox, polisdə axtarır. Qanunla da Azərbaycanda bu iş polisə həvalə olunub. Polis Haqqında Qanunda konkret vurğulanır ki, polis, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qoruyur, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərir.

Müsahibələrinin birində republikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin mənəvi tərəfləri ilə vəziyyəti nəzərdən keçirirəkən bildirir ki, daxili işlər orqanı əməkdaşı peşəsini ürəkdən sevməli, xalqa, Azərbaycan respublikasına xidmət etməyi özünə şərəf bilməli, fiziki cəhətdən sağlam, mənən saf olmalıdır: “Fəaliyyətinin cəmiyyət və vətəndaşlarımız üçün nə qədər gərəkli olduğunu dərk etməli, xidmətin çətinliklərinə sinə gərməyi bacarmalıdır. Polis əməkdaşı cəsur, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, eyni zamanda, insanlarla münasibətdə diqqətli, davranışında nəzakətli olmalıdır”.

Odur ki, Azərbaycan cəmiyyətində polisin fəaliyyətinin təhlilləri göstərir ki, qanunçuluq edilməsi, dövlətin maraqlarının etibarlı qorunması, ölkədəki əlverişli investisiya iqliminin davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin dərinləşməsi kimi üstün vəzifələr dayanır.

Bütün bunların nəticəsidir ki, fəaliyyətimizin göstəriciləri də ildən-ilə yaxşılaşır, şəfaflığa önəm verilir. Bu reallıq polis - vətəndaş münasibətlərində qarşılıqlı əməkdaşlığa əsaslanmaqla xidməti fəaliyyətimizdə şəffaflığı aktuallaşdırır. Polis orqanlarında aparılan islahatların əsas istiqamətlərindən biri də məhz cinayətlərin qarşısının vaxtında alınması və profilaktikasına vətəndaş cəmiyyətinin cəlb edilməsidir.

Bu gün, yalan - doğru, bilən də, bilməyən də, görən də, görməyən də insan hüquqlarından danışır. Bəzən o qədər obyektivlik itir ki, adam bilmir ki, bu qovğa nədir, nə istəyirlər. Konkret həqiqət isə bundan ibarətdir ki, dövlətin qanunları heç bir halda pozula bilməz. Biz artıq əvvəlki kimi deyilik, xeyli dəyişmişik, formal yox, real qanunlarımız, hüquqlarımız var.
 
Hüquqlarımızı tələb edə bilirik və edirik. Sivil dünyaya initeqrasiya edirik, qabaqcıl ölkələrlə çox intensiv münasibətlər qururuq. Belə bir vəziyyətdə Azərbaycan vətəndaşının birinci borcu Azərbaycan dövlətçiliyini qorumaq, onun qanunlarına həssaslıqla yanaşmaq, sadiq olmaqdır. Təcrübə göstərir ki, cəmiyyət pozitiv ideya ilə silahlananda daha effektli olur. Maraqlıdır - ən çox əziyyət  çəkən, gecə-gündüz qanunçuluğun keşiyini çəkən də polisdir, fəaliyyəti ictimai müzakirə obyektinə çevrilən də?!

İctimai təhlükəsizliyin etibarlı mühafizəsi təkcə dövlətin hüqüq-mühafizə orqanlarının üzərinə düşmədiyi inkişaflı cəmiyyətlərdə hər bir vətəndaşın məsuliyyəti var. Cəzanın labüdlüyü, insanları islah edib-etməməsi də çox mübahisəli olduğundan, bu, yeganə çıxış yoludur. Cəmiyyət hər bir insan üçün məsuliyyət daşıdığı kimi, hər bir insan da cəmiyyət üçün cavabdehlik daşıyır, yalnız özü üçün deyil, həm də cəmiyyət üçün yaşayır.