POLİS İNSAN HÜQUQLARININ KEŞİYİNDƏDİR

Əsas səhifəMətbuatda polis

Vətəndaşların müraciətlərinə baxılmasına, insan hüquq və azadlıqlarının qorunmasına Azərbaycan polisi həssaslıqla yanaşır. Bu gün vətəndaş inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır.

Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ təzahürlərə qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir.

Vətəndaş onun problemlərinİ vaxtında həllinə ədalətli münasibət, müraciətlərinə həssas yanaşma göstərən dövlətə etimad bəsləyir, onu dəstəkləyir.

Ölkədəki əmin-amanlığın və qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan əhalidən daxil olan müraciətlər diqqətlə araşdırılır və müvafiq ölçülər götürülür. Respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müsahibələrinin birində vurğulamışdır ki, hüquq-mühafizə fəaliyyətinin yeni iqtisadi və sosial münasibətlərə uyğun qurulması cəmiyyətin daxili işlər orqanlarına olan tələblərini də əhəmiyyətli dərəcədə artırır, üzərinə düşən vəzifələrin dairəsi genişlənir: “İnsan hüquq və azadlıqlarının qorunması başlıca funksiyalardan birinə çevrilir”.

Təcrübə də göstərir ki, şəffaflıq, insan hüquqlarının qorunması, qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir. Odur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılması, onların hüquqlarının qorunması daxili işlər orqanlarının əsas iş prinsiplərindən biridir. Bütün bu sahələrdə DİN-in əsas strukturlarından biri kimi Bakı Şəhər BPİ-nin də üzərinə mühüm vəzifələr qoyulmuşdur. Bakı Şəhər BPİ və tabeli polis orqanlarının şəxsi heyəti tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işində nizam-intizama, qanunçuluğa riayət olunması diqqət mərkəzindədir.

İnsan hüquq və azadlıqlarının təmin olunması “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”-nə və “Daxili işlər orqanlarında vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Təlimatın tələblərinə əməl olunur. Bütün bunların nəticəsidir ki, xidməti fəaliyyətin göstəriciləri və nəticələri ildən-ilə yaxşılaşır. Bu sahədə sistemli şəkildə təşkilati-əməli iş həyata keçirilməklə müasir və təkmil yeniliklər də tətbiq edilir. Müxtəlif istiqamətlər üzrə - vətəndaşların poçt, teleqraf, faks, elektron poçt, “102” xidməti-zəng mərkəzi sistemi vasitəsilə, habelə qəbul zamanı və şifahi formada ünvanladığı müraciətlərə həssaslıqla yanaşılır.

İdarəçilik və təşkilatçılıq fəaliyyətinə effektiv nəzarət mexanizminin mövcud olduğu DİN-də normativ-hüquqi tələblər qarşısında hər bir polis əməkdaşının öhdəçiliyi var. Bu, daxili təhlükəsizliyi möhkəmləndirən başlıca amillərdən biridir. Vətəndaşların müraciətlərinə baxılması zamanı şəxsi həyatın toxunulmazlığına, ailə, peşə, kommersiya və qanunla qorunan digər sirrlərə aid məlumatların müraciət edənin razılığı olmadan yayılmasına yol verilmir. Bütün bunlar təhlükəsizliyə təminat verməklə, icra və uçot-qeydiyyat intizamını da təkmilləşdirmişdir.

Şəxsi heyətin təlim-tərbiyəsi, xidməti və icra intizamının güclənməsi, əməkdaşların anda, davranış qaydalarına, etik normalara riayət etmələri sahəsində əldə olunan uğurların qorunub saxlanması, eləcə də mövcud nöqsan və çatışmamazlıqların aradan qaldırılması Baş İdarə rəhbərliyinin diqqət mərkəzindədir. Vətəndaşların qəbulu işinin təşkili və aparılmasında qarşılama, dinləmə, ünsiyyət qurma və izah etmə bacarıqlarına malik əməkdaşların iştirakı məqsədəuyğun hesab edilir.

Sözsüz ki, respublikada qanunçuluğun təmini işində qazanılan uğurların arxasında çətin şəraitdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Ölkədəki ictimai sabitliyin etibarlı qorunması, qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi şəxsi heyətin nizam-intizamından asılıdır.

Etik Davranış Kodeksində vurğulanır ki, dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, daxili işlər orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətləri ilə bağlıdır.