YOLLARDA HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Əsas səhifəMətbuatda polis

Yol hərəkətinin təhlükəsizliyi üçün kompleks tədbirlər davam etdirilir. Əhalinin sıx məskunlaşdığı paytaxtda yeni yolların, yol qovşaqlarının çəkilməsi, yeraltı və yerüstü piyada keçidlərinin tikilib istifadəyə verilməsi də yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlib. Keçirilən sorğular, aparılan təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi əksər hallarda hərəkət iştirakçılarının intizamının səviyyəsindən asılı olur.

Bu sahədə durumun ciddiliyi nəzərə alınaraq ölkəmizdə yol hərəkəti qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Həyata keçirilən tədbirlər, o cümlədən müvafiq dövlət proqramları çərçivəsində yol polisi xidmətinin maddi-texniki imkanlarının artırılması, elmi-texniki vasitələrdən daha geniş istifadə etməsi hərəkətin təhlükəsizliyinin təmini işinə müsbət təsir göstərmişdir.

Şübhəsiz ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati tənbeh növlərinin sərtləşdirilməsi, ilk növbədə, profilaktik məqsəd daşıyır. Həyata keçirilən qabaqlayıcı tədbirlərdən aydın görünür ki, dövlət yol polisi əməkdaşlarının sosial müdafiəsini diqqət mərkəzində saxlamaqla, ölkə ərazisində yol hərəkətinin fasiləsiz və təhlükəsiz təminatının əsas təşəbbüskarı kimi çıxış edir.

Bu, həm də avtomobilləşmənin sürətli artımından yaranan tıxac problemini həll etmək məqsədindən irəli gəlir. Yol hərəkətinin təhlükəsizliyinin təmini polisin qarşısında duran mühüm vəzifələrdən biri olduğundan, yol polisi paytaxt ərazində profilaktiki tədbirlərin miqyasını davamlı olaraq genişləndirir. Bu məqsədlə, orta məktəblərin yerləşdiyi ərazilərdə, onlara yaxın küçə və yollarda, istifadəyə verilmiş yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütamadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır.

Eyni zamanda, sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri də davam edir.
Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi rəsmi açıqlamalarında qəzaların böyük bir qisminin sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsi və sürət həddini aşması üzündən baş verdiyini bildirir. 2013-cü ilin 8 ayı ərzində Bakıda 657 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 224 nəfər ölüb, 697 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə DYPİ-nin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Hadisələr əsasən paytaxtın sürət həddinin aşma ehtimalı olan yollarında qeydə alınıb. Bura Azadlıq, Babək və Tbilisi prospektləri, Bakı-Salyan yolu, Bakı-Aeroport şosseləri daxildir. Qəzaların daha çox şənbə və bazar günləri daxil olmaqla axşam vaxtlarında - saat 18:00 - 00:00 arası baş verdiyini diqqətə çatdıran V.Əsədov qeyd etmişdir ki, bu ilin 8 ayı ərzində Bakıda yol polisi əməkdaşları tərəfindən həm də sərnişindaşıma sahəsində - həm avtobus, həm də taksi sürücüləri arasında nizam-intizamın yaradılması məqsədilə profilaktiki tədbirlər davam etdirilmişdir.

Bununla yanaşı, hərəkətin intensivliyi yüksək olan yolayırıcında quraşdırılmış videokameralar bütün gün ərzində yollarda hərəkətə nəzarət etməyə imkan verir. Respublika əhəmiyyətli avtomobil yollarında, o cümlədən Bakı şəhərində sürət məhdudiyyətinə əməl etməyən sürücülərin aşkar olunması məqsədilə müasir standartlara cavab verən stasionar və mobil sürətölçən qurğulardan istifadə olunur.

Yol hərəkəti qayda pozuntularının  texniki vasitələrdən istifadə olunmaqla aşkarlanması belə hallara qarşı mübarizənin səmərəsini artırmaqla yanaşı, qayda pozuntusunu sənədləşdirərkən mübahisəli halları da aradan qaldırır və bütövlükdə sürücülərin intizamının yüksəlməsinə xidmət edir. Təhlillər göstərir ki, hadisələrin 51 faizi sürət həddinin aşılması, 47 faizi piyadaların vurulması, 26 faizi əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, ötmə və ya manevretmə qaydalarının, 18 faiz isə yolayrıclarını keçmə qaydalarının pozulması ilə bağlı olub. Qanunvericiliyə zidd olan bu cür hərəkətlər çox vaxt ağır nəqliyyat qəzalarına, ən yaxşı halda vətəndaşların əmlakına böyük zərərin vurulmasına gətirib çıxarır.