MƏDƏNİ PİYADA, MƏDƏNİ SÜRÜCÜ OLMAQ

Əsas səhifəMətbuatda polis

Yol nəqliyyat hadisələrinin artması son dövrün problemlərindən birinə çevrilib. Baxmayaraq ki, bu sahədə daha çox tədbirlər görülür, problemdən çıxmağın kompleks həllİ yolları axtarılır. Lakin yollarda baş verən qəza və ölüm sayını minimuma endirmək məsələsində mövcud çətinlikləri tam aradan qaldırmaq mümkün olmur.

Bu vəziyyət nəinki əlaqədar orqanları, hətta sadə vətəndaşları da düşündürür, narahat edir. Müxtəlif fikirlər vardır, amma yol hərəkət qaydalarına əməl edilməməsi hadisələrin əsas faktoru kimi birmənalı olaraq qəbul edilir.
Təbii ki, bu problem obyektiv səbəblərlə, yəni ölkənin ümumi inkişafı və nəqliyyat vasitələrinin sayının sürətlə artması ilə də birbaşa əlaqəlidir. Məsələn, Avropada da dövlətlər özlərinin iqtisadi inkişaf mərhələsini yaşayanda yol nəqliyyat hadisələrinin sayında artım müşahidə olunurdu. Almaniya müharibədən sonra özünü toparlayıb yeni iqtisadi inkişaf yolu keçəndə avtomobil yollarında da qəzaların sayı artırdı. Sərt cəza tədbirləri və alman xalqının qanunlara hörmət ənənələri problemin qarşısını aldı, daha doğrusu, onun faciəvi həddə gedib çıxmasına imkan vermədi. Deməli, problemdən mümkün çıxış yolu var və dünya təcrübəsi bunu sübut edir.

Təhlükəsizliyin hər bir hərəkət iştirakçısından asılı olduğunu xatırladıb, Azərbaycanda, eləcə də paytaxtda baş vermiş yol nəqliyyat hadisələrinin açıqlanmış statistikası ilə mövzunu davam etdiririk. Bu statistik rəqəmlərin hər biri bir insan taleyini özündə əks etdirməklə yanaşı, qanunlara riayət etməməyin kədərli sonluğunun göstəricisidir. Bir müsbət məqamı qeyd etmək yerinə düşər ki, dövlət qurumları tərəfindən görülən tədbirlər təsirsiz ötüşməyib, qəzaların sayında azalma var. Bakı şəhər BPİ DYPİ-nin məlumatına görə, bu ilin altı ayı ərzində ötən dövrlə müqayisədə yol nəqliyyat hadisələrin sayı 2,6 faiz azalıb.

Hərəktin təhlükəsizliyi üçün bu gün Azərbaycanda görülən əsaslı işlərin müsbət nəticə verməsi təbii ki, sevindirici haldır. Çəkilən yeni yollar, yol ötürücü qovşaqları, tikilən piyada keçidləri, bütövlükdə yenidən qurulan yol infrastrukturu səmərə verib. Hazırda yollara nəzarət sahəsində ən son texniki yeniliklər tətbiq edilir. Daha bir müsbət məqam marifləndirmə tədbirlərinin xeyli dərəcədə artırılmasıdır ki, son dövrlərdə KİV-də yol hərəkətİ qaydaları barədə yetərincə materiallar yayımlanır.
DYPİ-dən verilən məlumata görə, görülən tədbirlər nəticəsində iyul ayında yol-nəqliyyat hadisələrinin sayında ciddi azalma müşahidə olunur. Halbuki, neçə illərdir ölkədə ən çox hadisə məhz iyul - avqust aylarında baş verirdi.

Qəzaların sayı azalıb, lakin insan itkisi faktoru hələ də yüksək olaraq qalır. Hətta, bu ilin altı ayı ərzində ölən və yaralananların sayı daha çox olub. Bakıda ölüm faktı 22 faiz, yaralıların sayı 9 faiz artıb. Bütün respublika ərazisində isə qəzada ölənlərin sayı 27 faiz, yaralıların sayı 6 faiz çox olub. Respublika üzrə 556 nəfər qəzalar zamanı həyatını itirib, 1452 nəfər xəsarət alıb.

Qeyd etmək lazımdır ki, respublikada yol hərəkətinin tənzimlənməsi istiqamətində Azərbaycan Prezidentinin ötən il imzaladağı “Təhlükəsizlik tədbirlərininn gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artrılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı qəzaların sayının azalmasında əhəmiyətli rol oynadı. Bu sərəncamdan bir qədər əvvəl piyadaların məsulyyətinin artırılması ilə bağlı qanuna dəyişiklik edilmişdi, cərimə məbləği iki dəfə artırılmışdı. Piyadaların yeraltı və yerüstü keçidlərdən istifadəsini təmin etmək məqsədi ilə profilaktiki və inzibati tədbirlər həyata keçirilməyə başlamışdı. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Lakin yenə də yol hərəkəti iştirakçılarının məhz qanun-qaydalara əməl etməməsi üzündən yollarda faciələr yaşanır. Ölkə üzrə yol nəqliyyat hadisələrinin analitik təhlilindən yalnız üç səbəbə diqqət edək:
1. Piyadaların iştirakı ilə baş verən 525 yol qəzası zamanı 89 nəfər ölüb, 388 nəfər yaralanıb.
2.Yüksək sürət zamanı 422 qəza baş verib, nəticədə 204 nəfər ölüb, 263 nəfər yaralanıb.
3.Ötmə qaydalarını pozulması səbəbindən 409 hadisə baş verib, 188 nəfər ölüb, 555 nəfər yaralanıb.

Bu təhlildə göstərilən səbəblər həm də yol mədəniyyətinin bir göstəricisidir. Nəticəsi isə ilk növbədə yol hərəkəti iştirakçıları və onların yaxınları üçün faciəvi, daha sonra cəmiyyət üçün acı gerçəklikdir.

Görülmüş qabaqlayıcı və inzibati tədbirlərə baxmayaraq yol hərəkəti qaydalarına əməl etməyib həyatını itirən sürücü və ya piyada haqqında fikirləşəndə, hər kəsi “daha nə etməli, özümüzü özümüzdən daha necə qorumalı?” sualı düşündürür. Evdə övladının saçlarını oxşayıb yola çıxan sürücü sürət həddini aşdığına görə elə övladı yaşında uşağın (6 ayı ərzində ölkə üzrə 43 azyaşlı ölüb, 126-sı yaralanıb) ölümünə səbəb ola bilir.

Ehtiyatsızlıq bir ailən xoşbəxtliyinə son qoyur. Keçiddən istifadə etməyən piyada özünü “maşının altına atanda” yalnız statistikada rəqəmlər dəyişmir, faciələr yüksəlir.
Yeganə yol özümüzü dəyişmək, mədəni piyada, mədəni sürücü olmaqdan keçir.