BİR KÖRPƏNİN TALEYİ

Əsas səhifəMətbuatda polis

Həyat norması deyəsən, dəyişir. Artıq qadınların - anaların öldürülməsini tez-tez eşidir, mətbuatdan xəbər tuturuq. Bir ömür hardasa kəsilir, bir ömür də həyat başlamadan məhv olur. Heç günahı olmayan uşaqlar yetim qalır. Növbəti belə bir hadisə sentyabrın 18-də paytaxtın Suraxanı rayonunda baş verdi.

Hövsan qəsəbəsində su kanalında 25 - 30 yaşlarında naməlum qadın meyidinin aşkarlanması xəbəri yayıldı. Bir qadın öldürülmüşdü. Polis hər yerdə o qadını tanıyanı axtarırdı. Əməliyyat qrupu hadisə yerində meyidə ilkin baxış keçirərkən onun üzərində hər hansı xəsarət və zorakılıq əlamətləri də aşkarlamamışdı.

Lakin peşəkar əməliyyatçılar bu qadının öldürüldüyünə əmin idilər. İşin gedişində ehtimallar öz təsdiqini tapdı. Kanalın lil qatında batmış qadın cəsədi çıxarılaraq ekspertiziya göndərildikdən bir gün sonra məlum oldu ki, mərhum boğularaq öldürülüb və su kanalına atılıb. Artıq polis intihar etmiş qadın yox, öldürülmüş qadının şəxsiyyətini araşdırırdı. Nəticə özünü çox gözlətmədi. Suraxanı RPİ CAŞ və 30-cü PB əməkdaşları öldürülən qadının 22 yaşlı Lerik rayon sakini Şəbnəm Namazova olduğunu müəyənləşdirir.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin törədilməsində şübhəli şəxsin qadının həyat yoldaşı, 26 yaşlı Şahin Əliyev olduğu müəyyənləşir. Şübhəli şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində polis tərəfindən yaxalanaraq istintaqa təhvil verilir.

İstintaq olunan Ş.Əliyev tutarlı arqumentlər qarşısında yalan ifadələrin mənasız olduğunu anladıqdan sonra, 2010-cu ildən vətəndaş nigahında yaşadığı həyat yoldaşının boğaz nahiyyəsinə yumruqla vuraraq qəsdən öldürdüyünü etiraf edib. Belə ki, Şahin Əliyev sentyabrın 17-də həyat yoldaşı ilə “Koroğlu” metrosunun yağınlığındakı avtobus dayanacağında rastlaşmış, onu aldadaraq, qəsdən öldürmək məqsədilə Yeni Suraxanı qəsəbəsində yerləşən zeytunluğa aparmışdır.

Ş.Əliyev ilkin ifadəsində vurğulayıb ki, həyat yoldaşı onun törədəcəyi təhlükəli əməldən xəbərsiz olub. Mübahisəli söhbətdə özünün günahsız olduğunu bildirən, nəyə görə zeytunluğa gətirildiyinin fərqində olmayan qadın bura öldürülmək üçün gətirilmişdi. Kanalın yanına çatanda həyat yoldaşının nəfəs borusuna kunq-fu fəndi ilə iki ağır zərbə vurduğunu bildirən şübhəli şəxs, zərbənin təsirindən yerə yıxılan qadını sürüyərək kanala atıb. Və su kanalında köməksiz vəziyyətdə qalan Ş.Namazova boğularaq ölüb.

Özünün cinayətkar əməlinə haqq qazandırmaq istəyən Ş.Əliyev bildirib ki, namus üstündə qətl törədib və peşmançılıq çəkmir. Namusunun ləkələndiyini bildirən şübhəli şəxs mobil telefonuna “ürəyim”, “ciyərim” mesajları gələn qadının cəzasının ölüm olduğu qənaətindədir. Özünün dediyi kimi, “baş verənlərə dözə bilməyən” Ş.Əliyevin bu evlilikdən azyaşlı övladı var.

Beləliklə, uşaq ortalıqda qaldı. Və dərk etmədiyi həyata təkbaşına qədəm qoymalı, taleyini özü qurmalı olacaq. Nə ana, nə də ata, daha o uşağa cavabdeh olmayacaq. Çünki ana yoxdu, “namus üstündə” öldürülüb. Atası isə “namus üstündə” türmədə yatır...
Bəs, körpənin günahı nədir?...