İNSAN HÜQUQLARI ETİBARLI QORUNUR

Əsas səhifəMətbuatda polis

Ümumiyyətlə, insan həyatı o zaman məzmunlu, təsirli olur ki, birinci növbədə, gərək cəmiyyətdə məsuliyyətini biləsən; ikinci növbədə, dövlətin qanunları əsasında yaşayasan; üçüncü növbədə, necə yaşayacağını qərarlaşdırasan və nəhayət, çalışasan ki, başqalarının hüququ pozulmasın, əməllərin hüquqa zidd olmasın. Bu amillər, mühüm nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsində əsasdır. “Cinayət varsa, cəza olacaqdır” prinsipi bu gün tam mənasında Azərbaycanda həyata keçirilir. Hər bir insanın həyatı, sağlamlığı, hüquq və azadlıqları, qanuni mənafeləri və mülkiyyəti hüquqazidd əməllərdən etibarlı qorunur.

Bütün müqayisələr, atalar demiş, qüsurlu olsa da, belə bir müqayisə aparmağa ehtiyac duyulur. Qədim yunanlar hesab edirdi ki, dövlət yaşamaq üçün deyil, xoşbəxt yaşamaq üçün qurulur. Deməli, xoşbəxtliyin elə başlıca şərti təhlükəsizlikdir, sabitlikdir. Bu prinsip, Azərbaycanda insan həyatının təhlükəsizliyinə zəmanət verməklə, vətəndaşları qanun qarşısında bərabərləşdirir. Bu bərabərlikdə elə diqqətli olmalısan ki, qanun pozulmasın, ictimai münasibətlər zədələnməsin. Ona görə də, cəmiyyətdə hüquq qaydasına, ictimai təhlükəsizliyə cavabdeh olan hökumət nümayəndəsi - polisin məsuliyyəti daha çoxdur. Bu və buna bənzər mövzularda sorğu-suala, şərhə nə qədər ehtiyac var. Ölkə miqyasında ildən-ilə cinayət və cinayətkarlıq meydanının daralması da göstərir ki, cəmiyyətdə təhlükəsizlik adi həyat normasına çevrilir. Yəni, əgər biz 5 il, lap 10 il öncəyə nəzər salsaq, görərik ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə polis nə qədər cinayətkar qrupları zərərsizləşdirib. 2013-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22.891 cinayətdən 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Ötən il müxtəlif cinayətlər törədən 12.361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib.
 
“Cinayət varsa, cəza olacaqdır” reallığı cəmiyyət inkişaf etdikcə polisin məsuliyyətini ikiqat artırır. Bəzən düşünürsən ki, insanı sevindirməyə nə var ki? Ancaq vətəndaşı razı salmaq çətin məsələdir. Çünki burada cəmiyyət, qarşılıqlı hüquq və vəzifələr, ictimai məsuliyyət, ümumi maraq və mənafelər insanlara görə dəyişir. İndi elə dövrdür ki, bəzən insanlar heç kimin görmədiyi, bilmədiyi, real həyatda olmayan hadisələrdən danışmağa həvəslidir. Belə şəraitdə polisin işi hər gün daha çox artır. Elə adamlar var ki, bunu halal yolla qazanmağa, zəhmətə qatlaşmağa cəsarəti çatmır, daha “münasib” yollar axtarır. Elə yaşayırlar ki, sanki vaxt bitib-qurtarır, sonra heç nə olmayacaq. Görəsən belələri hansı vaxt ölçüsü ilə yaşayır, baxışlarında olan qüsurlar hardan qaynaqlanır? Mübahisəlidir. Belə vəziyyətdə o adamın getdiyi yolu əvvəlcədən müəyyən etmək üçün polis nə qədər hazırlıqlı olmalıdır, nə qədər peşəkar olmalıdır ki, hüququ pozulan digər vətəndaşın mənafeyini qorusun. Şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələr bütövlükdə peşəkarlıq və intilekt imkanları ilə şərtlənir. Danılmaz həqiqətdir ki, əqli-intellektual kapital bütün dövrlərdə hər şeydən üstün və qiymətli olub. Şübhəsiz ki, polis nə qədər güclü olsa, nə qədər peşəkar olsa, onun ictimai nüfuzu bir o qədər də çox olar.
 
Hər xalqın bu sahədə işləyən insanlara münasibətində müxtəlif baxışları mövcuddur. Demək, nə qədər ümumi standartlardan danışsaq da, hər bir insanın öz yanaşması var. Və hər kəs də öz işini öz ölçülərinə uyğun qurur, elə də davranır. Polisin qanunlarla tənzimlənən fəaliyyəti o qədər görünən üzdədir ki, o hadisələrin və proseslərin içindədir. Yəqin ona görədir ki, polisin davranışları insanlar tərəfindən diqqətdə saxlanılır. Cəmiyyətin iradəsi ilə hesablaşmayan ictimai davranışın sonu isə, təcrübə göstərir ki, heç də yaxşı qurtarmır. Axı, hüquqi dövlətdə, qanunlarda insanların iradəsi ilə tənzimləndiyindən həmin o vətəndaş öz hüquqlarının bərpası üçün birinci asayiş keçikçisinin - polisin qapısını döyür. Ötən dövrün təhlilləri də sübut edir ki, bu gün Azərbaycan polisinin fəaliyyətində vətəndaş maraqlarına ciddi önəm verilir. Çünki ictimai nəzarətin güclü olduğu cəmiyyətdə ictimai təhlükəsizlik daha effektiv qorunur. İstər regional, istərsə də dünya miqyasında müasir Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri də, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsidir. Deməli, bu bizim ictimai həyatımız üçün adi həyat normasıdır ki, bütün səviyyələrdə təsdiqlənir.