KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

07.10.2018

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan Süleymanova və bacısı Könül saxlanılmışlar. Faktla bağlı araşdırmalar aparılır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində rayon ərazisindəki 1 evdən və 1 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri Atamoğlan Cabbarov və Anar Quliyev saxlanılmışlar. Faktla bağlı araşdırmalar aparılır.

Oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb. Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb. Nizami RPİ-nin 25-ci Polis Şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib. Cinayətdə şübhəli bilinən digər şəxsin də tutularaq məsuliyyətə cəlb olunması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oktyabrın 7-də saat 21 radələrində  Səbail rayonunun A.İsmayılov küçəsində  müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sədrəddin Şahməmmədov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmaqda şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmin Əhmədli saxlanılmışdır. Faktla bağlı araşdırmalar aparılır. Faktla bağlı araşdırmalar aparılır.

Oktyabrın 6-da saat 21 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Anar Cəlalinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-xaxtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aqil Salmanov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevin “VAZ-2106” markalı avtomobilinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 11 radələrində Ələt qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Şamo Qocayevlə birgə saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Şərifli küçəsində olduğu müəyyən edilib.Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Quliyev avtomobillə birgə Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.