KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən...

01.10.2018

Sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.

Oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurmuşdur. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölmüşlər. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oktyabrın 1-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Paşayev idarə etdiyi “KamAZ-6520” markalı avtomobillə yolu keçən qəsəbə sakini – 9 yaşlı Ayxan Hüseynovu vurmuş və nəticədə azyaşlı hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Murad Zamanov saxlanılmışdır.