KRİMİNAL XRONİKA

Əsas səhifə

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri...

12.08.2018

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü açılmış və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilmişdir. Avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində  naməlum şəxs qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirmişdir. Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri də müəyyən edilmişdir. Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunmuşdur. Görülmüş tədbirlərlə Z.Şiriyeva da saxlanılmış, onun əməlləri CM-nin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilmişdir. Hazırda cinayət işi üzrə zəruri  istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Avqustun 11-də Nəsimi rayonunun S.Vurğun küçəsində naməlum şəxs Bakı şəhər sakini Y.Orucova məxsus içərisində mobil telefon və sənədlər olan çantanı soyğunçuluq yolu ilə almışdır. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Seymur Səlimov saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ və Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Lənkəran rayon sakini Rasim Bəşirzadə saxlanılmışdır.

Avqustun 11-də saat 16 radələrində paytaxtın Nizami rayonu ərazisindəki bazarda Bakı şəhər sakini E.Mustafayevanın mobil telefonu oğurlanmışdır. 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş İsa Əliyev saxlanılmışdır.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisində “Ford-Transit” markalı avtomobildən 700 manat pul, sənəd və bankomat kartları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kənan Cavadov saxlanılmışdır.

Bakı şəhər BPİ DYPİ və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini K.Məmmədovanı döyüb içərisində 200 manat pul olan çantasını və qulağındakı qızıl sırğanın bir tayını qoparıb aparmaqda şübhəli bilinən Gürcüstan vətəndaşları İlia Todradze və Gela Bolkadze saxlanılmışlar. İ.Todradzedən 0,894 qram, G.Bolkadzedən isə 0,397 qram heroin götürülmüşdür.