KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 4-də saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində...

04.04.2018

Aprelin 4-də saat 20 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Vüqar Məmmədov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı şəhər sakini İspat Əmirovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib. Məlumatla əlaqədar dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini E.Əsgərov saat 5 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib. Bakı Şəhər Baş Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların  əvvəllər məhkum olunmuşlar - Kəlbəcər rayon sakini Camaləddin Əzizov və Yevlax rayon sakini Fərid Novruzlu olduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Aprelin 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Məhəmmədi qəsəbə sakini T.Həşimov həmin gün saat 1 radələrində  qəsəbə ərazisində 4 naməlum şəxs tərəfindən döyüldüyünü və bıçaqla hədələnərək 3000 manatının alındığını bildirib. Məlumatla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda quldurluğu törətməkdə şübhəli bilinənləri müəyyən edərək “isti izlər”lə saxlayıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və əvvəllər məhkum olunmuş Ceyhun İsmayılov olduqları müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər. Belə ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı və 27-ci Polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart ayları ərzində rayon ərazisində 4 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəvan Abdullayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.