KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini...

30.03.2018

Martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Əli Muradov, Saatlı rayon sakini Sahil Əzizov, Cəlilabad rayon sakinləri Nicat Muradov və İlkin Kərimov olduqları müəyyən edilib.



Yasamal RPİ 26-cı PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisindəki şirkətlərdən birinin təmir sahəsindən 10 kvm. daş üzlük, 3 həyətyanı sahədən, 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Cəfərov saxlanılmışdır.


Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 10-da və 30-da rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Mayılov saxlanılmışdır.


Martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.  


Martın 30-da saat 7 radələrində paytaxtın Sabunçu qəsəbəsindəki Aydınbəyov küçəsində Stanislav Seyidovun yaşadığı üç otaqlı mənzildə yanğın baş vermiş, nəticədə 1 otaqda yanar konstruksiyalar yanmışdır. Yanğın söndürüldükdən sonra S.Seyidovun qismən yanmış meyiti tapılmışdır.