KRİMİNAL XRONİKA

Əsas səhifə

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri...

02.02.2018

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər. Fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb. Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin  qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər.

Dələduzluq etdiyinə görə tutulmuş Altay Ağamalızadənin ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 nəfərin mobil telefonlarını da dələduzluq yolu ilə alması müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş Nuhan Gülümcanovun ətrafında Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun ötən il dekabrın 3-də rayon ərazisindəki kafelərin birindən 642 manat oğurlaması da müəyyən edilmişdir. 

Fevralın 2-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Nəzər Rəhmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Reyhan Məmmədovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.  

Fevralın 2-də saat 7 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb. Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü  -  Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.