KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə...

31.01.2018

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub. Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun  soyğunçuluq yolu ilə alınması məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.

Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il  noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub. Araşdırmalar zamanı həmin məbləğdə olan pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı həmin pulu tanışı olan bir nəfərə verməsi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 13-dən dekabrın 29-dək olan müddətdə rayon ərazisində “KamAZ” markalı avtomobildən akkumulyator, 2 daş karxanasından elektrik avadanlığı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Surxay Səfərov saxlanılmışdır. Aparılmış tədbirlərlə ondan heroin də götürülmüşdür.


Yanvarın 31-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini İbrahim Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.