KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 9-da saat 9 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Abuzər Quliyev idarə etdiyi...

09.01.2018

Yanvarın 9-da saat 9 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Abuzər Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Fədiyar Camalovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. 
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 9-da Sahil qəsəbə sakini Ələddin Baxşıyevin velosipedini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Asəf Cəbrayılov saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun ötən ilin dekabr ayında Sahil qəsəbəsinin ərazisində yerləşən parkda işıq torşerlərinin qapaqlarını və 1 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Yanvarın 9-na keçən gecə Nərimanov rayonu ərazisindəki mağazaların birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan 1 yeniyetmə 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun ötən ilin dekabr ayında 3 həyətyanı sahədən su mühərriki, velosiped və geyim əşyaları oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 8-dək olan müddətdə rayon ərazisindəki 3 evdən su mühərrikləri oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Pərviz Səfərov saxlanılmışdır.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Beyləqan rayon sakin Roman Həsənovu döyüb cibindəki pul və mobil telefonu götürməyə cəhd göstərmiş, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk etmiş İmişli rayon sakini Mirzalı Nuriyev və Yardımlı rayon sakini Elçin Əsədli saxlanılmışlar.
M.Nuriyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 8-də Bakı şəhər sakini Bəylər Sadıqlını aldadıb mobil telefonunu alması da müəyyən edilmişdir.

Yanvarın 9-da Yasamal rayonu ərazisində xətt avtobusunda Bakı şəhər sakini Nurlan Məmmədovun cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Tofiq Əlicabbarov Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Vaqif Allahyarovun ətrafında Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərə məxsus velosipedi, 2 həyətyanı sahədən 2 ədəd plastik pəncərə, su mühərriki və 1 avtomobildən maqnitofon oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 32-ci PB və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Anar Mirzəbəyovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Tural Mustafayev saxlanılmışdır.