KRİMİNAL XRONİKA

Əsas səhifə

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisindəki...

18.12.2017

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalarla ötən ilin sentyabr ayından cari il dekabr ayının 17-dək olan müddətdə mənzildən 11000 manat dəyərində qızıl-zinət və kosmetik əşyaların oğurlanması müəyyən edilib. Dekabrın 18-də polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin evdə qulluqçu kimi işləyən qadın şübhəli bilinərək saxlanılıb.   İstintaqa təhvil verilən Bakı şəhər sakini Ofeliya Zurabova törətdiyi əməli etiraf edib. Onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı, bir hissəsini isə lombardlara verdiyi müəyyən edilib.

Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobil həmin gün polis əməkdaşları tərəfindən Hövsan qəsəbəsi ərazisində tapılmışdır. Davam etdirilən tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs dekabrın 18-də müəyyən edilərək saxlanılıb. Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması, həmçinin digər analoji cinayəti də müəyyən edilib. Belə ki, onun oktyabrın 3-də rayon ərazisində paytaxt sakini Zahir Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırdığı da müəyyən edilib. Avtomobil həmin vaxt akkumulyatoru, maqnitofonu və səsgücləndiricisi oğurlanmış vəziyyətdə tapılmışdı.

Dekabrın 18-də Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Emil Heydərov münaqişə zəminində həmyerlisi Nicat Həziyevə bıçaqla xəsarət yetirmiş və nəticədə N.Həziyev hadisə yerində ölmüşdür. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Heydərov saxlanılmışdır. Araşdırma aparılır.  

Dekabrın 18-də Nəsimi rayonu ərazisindəki kafelərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi olan qadını bıçaqla hədələyib 150 manat verməsini tələb etmişdir.  Quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Elcan Tağızadə Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.