KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 2-də Suraxanı rayonu ərazisindəki mağazalardan birində naməlum şəxs...

03.12.2017

Dekabrın 2-də Suraxanı rayonu ərazisindəki mağazalardan birində naməlum şəxs satıcı - Bakı şəhər sakini Sevil Əbdülrəhmanovanın mobil telefonunu soyğunçuluq yolu ilə aparıb. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıb.
 
Dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində qabaq hissəsi əzilmiş vəziyyətdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onu idarə edərək hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olması və onun dekabrın 3-nə keçən gecə “Mercedes” və “Niva” markalı 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib. Araşdırma aparılır. 

Dekabrın 3-də Xətai rayonu ərazisində Bakı şəhər sakini Sahib Cabbarova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator və ehtiyat təkəri oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Bəbir Orucov 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb. 

Dekabrın 3-də saat 5:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini İlqar Abbasov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.  
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Zakir Yaqubov tapdığı, darağında 4 patron olan nömrəsi silinmiş “AKM” silahını könüllü olaraq Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə təhvil verib.