KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 8-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində...

28.11.2017

Noyabrın 8-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən  “Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib. Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Noyabrın 4-də Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib. Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülmüş tədbirlərlə o, saxlanılıb. Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen”  markalı avtomobillərin yan güzgülərini sökərək oğurlaması da müəyyən edilib. Saxlanılan şəxs oğurladığı həmin güzgüləri dəyərindən dəfələrlə ucuz qiymətə işlənmiş avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan emalatxanalara satdığını bildirib. Faktla əlaqədar cinayət işi başlanılıb.  E.İsmayılovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Noyabrın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 naməlum şəxs Bakı şəhər sakini Murad Pəncəliyevi aldadıb mobil telefonunu və velosipedini alıblar. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri Emil Eyvazov və Oruc Vəliyev saxlanılıblar. Ətraflarında aparılan tədbirlərlə onların noyabrın 27-də daha 1 nəfərə qarşı dələduzluq etmələri də müəyyən edilib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Fərid Süleymanovun içərisində 165 manat və 6 ABŞ dolları, habelə sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Səlimov saxlanılıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki meyvə-tərəvəz köşklərinin birindən 400 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Nuhan Gülüncanov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari il sentyabrın 22-də Rüfət Eyvazova məxsus mobil telefonu oğurlaması da müəyyən edilib.

Noyabrın 27-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Ramal Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərviz Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada noyabrın 28-də orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Cari il sentyabr ayının 27-də Nizami rayonunun Q.Qarayev prospektində Yardımlı rayon sakini Bəhruz Eyvazov idarə etdiyi “Saz” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Təranə Babaşovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada  noyabrın 28-də orada ölüb.