KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər BPİ və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

24.11.2017

Bakı şəhər BPİ və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də paytaxt sakini Kamran Məlikova məxsus 2 baş qoyunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Röyal Səfərov saxlanılıb, Bakı şəhər sakini olan daha bir nəfər isə müəyyən edilib. Ətraflarında aparılan tədbirlərlə onların noyabrın 22-də daha 2 nəfərə məxsus qoyunları oğurlamaları da müəyyən edilib.

Noyabrın 24-də İmişli rayon sakini Orxan Əliyev  və Bakı şəhər sakini Əsmər Səlimova metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarında ciblərindən mobil telefonlarının oğurlanması barədə Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə cibgirliklə məşğul olan qadın müəyyən edilib və elə həmin gün saat 20.10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında o “isti izlər”lə yaxalanaraq şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun Bakı şəhərində yaşayan Əsmər Hüseynova olduğu müəyyən edilib.Üzərinə baxış keçirilərkən oğurladığı 2 ədəd mobil telefon - “İphone 5S” və “Lenova K5” aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs telefonları cibgirlik yolu ilə götürdüyünü etiraf edib. Maddi sübut kimi götürülmüş həmin mobil telefonların  İmişli rayon sakini O.Əliyevə və Bakı şəhər sakini olan Ə.Səlimovaya məxsus olduğu müəyyən edilib. Saxlanılan şəxsdən əvvəl oğurladığı daha 2 ədəd mobil telefon da aşkar olunaraq götürülüb və onların sahiblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır. Ə.Hüseynovanın digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Noyabrın 23-də saat 10 radələrində Nəsimi rayonunun Ə.Salamzadə küçəsində Ucar rayon sakini Namiq Hüseynov idarə etdiyi ”Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əyyub Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ə.Məmmədov noyabrın 24-də orada ölüb.Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları  tərəfindən noyabrın 18-də Bakı şəhər sakini olan bir nəfərin 620 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Qafil Əliyev saxlanılıb.

Noyabrın 7-də Bakı şəhər sakini Kənan Məmmədova məxsus mopedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rasim Xəlilov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 800 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.