KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 21-də saat 22 radələrində Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Bakı şəhər sakini Emin Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə...

21.11.2017

Noyabrın 21-də saat 22 radələrində Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Bakı şəhər sakini Emin Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Fazil Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan İsmayıl Məmmədli və Elxan İsayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin yanvar-sentyabr ayları ərzində daha 4 avtomobildən akkumulyator və yan güzgü oğurlamaları da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilinərək tutulan Vüsal Səmədovun ətrafında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşıları tərəfindən  aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 18-də 1 şirniyyat evindən və 1 mağazadan pul, planşet və mobil telefon oğurlaması da müəyyən edilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində Maştağa qəsəbə sakini Əhməd Babayev müvafiq sənədləri olmayan “İJ-57” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.

Noyabrın 8-də Bakı şəhər sakini İsmayıl İmamverdiyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Cəmaləddin Cavadov Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-dən 16-dək olan müddətdə rayon ərazisində 4 evdən velosiped, su mühərriki və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımov tutulub.

Nəsimi RPİ 22-ci PB və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 445 manat və sənəd olan seyfi oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Amil Məmmədov tutulub.