KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının...

07.11.2017

Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisindəki telefon qovşağına məxsus 90 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar - Tərlan Şıxəliyev və Sergey Karqin tutulublar, 1 nəfər isə müəyyən edilib. 

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə onun cari il avqustun 18-də rayon ərazisindəki evlərin birindən 2950 manat və 900 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.

Soyğunçuluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Vasif Məmmədəliyevin və Elməddin Abbasovun ətraflarında Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların ötən ilin dekabrın 28-də rayon ərazisindəki evlərdən birindən quldurluq yolu ilə 1400 manat və 2 ədəd ov tüfəngi aparmaları da müəyyən edilib.

Noyabrın 6-da Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 100 metr rabitə kabeli və elektrik avadanlıqları oğurlanıb. 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asif Rüstəmov tutulub. Üzərinə baxış zamanı ondan 0,300 qram heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan tədbirlərlə onun noyabrın 5-də qəsəbə ərazisindəki daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib. 

Noyabrın 6-da paytaxtın Nizami rayonu ərazisində Salyan rayon sakini İsrafil Məmmədovun cibindən içərisində 740 manat və sənəd olan pulqabısını oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Elza Yarıyeva 24-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 6-da paytaxt sakini V.Xaxıyevanın çantasından 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Taryel Quliyev Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Noyabrın 6-da saat 23 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən paytaxt sakini Naib Hüseynova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb. Avtomobil noyabrın 7-də qəsəbə ərazisində maneəyə vurulmuş halda tapılıb.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əsgərov tutulub.
Noyabrın 7-də saat 21 radələrində Sabunçu rayonu ərazisində yaşayan Tünzalə Vəliyeva evində ailə-məişət münaqişəsi zəminində əri Nazimin baş nahiyəsinə küt alətlə xəsarət yetirib və nəticədə N.Vəliyev hadisə yerində ölüb. T.Vəliyeva Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulub.