KRİMİNAL XRONİKA

Əsas səhifə

Odlu silah götürüldüyünə görə tutulan Bakir Nuriyevin ətrafında....

18.10.2017

Odlu silah götürüldüyünə görə tutulan Bakir Nuriyevin ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari il iyulun 10-da Bakı şəhər sakini Nurlan Nəsirliyə məxsus mobil telefonu oğurlaması da müəyyən edilib.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Mirhüseyn Mirxasovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il aprelin 18-də Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib. Avtomobil oktyabrın 8-də Gəncə şəhəri ərazisində tapılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2008-ci il oktyabrın 9-da rayon ərazisindəki müəssisələrin birindən 150.000 manat, 10.000 ABŞ dollar və sənəd olan seyfi oğurlaması da müəyyən edilib. 

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 17-də Bakı şəhər sakinləri olan 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məhərrəm Kazımov tutulub. Ətrafında aparılan tədbirlərlə onun həmin gün rayon ərazisində daha bir velosiped oğurlaması da müəyyən edilib.

Oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib. Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu idarə edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əşrəfəli Mürşüdovla birgə Xətai RPİ-yə təhvil verilib.

Ötən gün keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 25-də və oktyabrın 3-də Bakı şəhər sakinləri olan 2 nəfərin ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə oktyabrın 5-də paytaxt sakini olan bir nəfərə məxsus evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ağasəməd Zabirli tutulublar. 

Oktyabrın 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Rəşad İsgəndərov münaqişə zəminində qohumu - Mingəçevir şəhər sakini Pərviz İsgəndərovu bıçaqla qətlə yetirib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsgəndərov tutulub.