KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

06.10.2017

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin oteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.

Oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Nurlan Hacıyevin, Arif Nəsibovun və qardaşı Akifin ətraflarında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini olan bir yeniyetmə ilə birgə sentyabrın 7-dən oktyabrın 2-dək olan müddətdə rayon ərazisində 6 avtomobildən və 2 evdən akkumulyator və təmir-tikinti alətləri oğurlamaları müəyyən edilib.  Görülən tədbirlərlə yeniyetmə tutulub.

Oktyabrın 6-da gecə saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə zəng edərək yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini bildirib.     
Məlumat dərhal aidiyyatı üzrə ötürülüb və Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib. Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyən edilib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon Prokurorluğuna göndərilib.

Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olduqlarına görə 12 nəfər, o cümlədən 5 qadın və 7 azyaşlı polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.